"Neftçi" və "Xəzri" Azərbaycan Kubokunda yarımfinala yüksəliblər
"Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.
Mediasport.az xəbər verir ki, "Neftçi" Cəlilabadın eyniadlı klubundan güclü olub - 82:71.
"Ağ-qaralar" qələbə sayəsində yarımfinala vəsiqəni təmin ediblər. Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Haforn (17 xal, 7 ribaund), "Cəlilabad"dan Rişon Conson (18 xal, 6 ribaund) olublar.
Qrupun lideri "Xəzri" isə "Xırdalan"a şans verməyərək 75:64 hesablı qalibiyyətlə növbəti mərhələyə yüksəlib.
Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (21 xal, 8 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 17 ribaund) olublar.
A qrupunu ilk yerdə başa vurmaq uğrunda son matç "Xəzri" və "Neftçi" klubları arasında baş tutacaq.