"İli ölkəmiz üçün ən uğurlu illərdən adlandırıram" - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq".
Mediasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Azərbaycan Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la matçı haqda fikirlərini bölüşüb:
"Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
2024-cü ilə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiniz?
- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Xalqımız böyük futbol yaşadılar. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok olduq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Məğlubiyyətlər oldu AL-də. Olmamalı idi, ancaq oldu.
Müxtəlif təşkilatlar, qurumlar ilin ən yaxşılarını seçirlər, siz də növbəti dəfə ən yaxşı baş məşqçi oldunuz. Bəs sizə görə, 2024-cü ilin ən yaxşı yerli futbolçusu kimdir?
- Düşünməmişəm, siyahıya baxmamışam. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı sezon keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Amma siyahıya baxandan sonra qəti nəsə deyə bilərəm.
Serxio Ramosun transferi məsələsi doğrudur?
- Xeyr.
Müdafiə xəttini gücləndirmək istəyirsiniz?
- Düşünürük.
Qış hazırlıq planınız məlumdur?
- Bəli, Bakıda qalacağıq. Yanvarın 9-da və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidir.
Juninyo ilə yeni xəbər var?
- Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki, sakitçilikdir.
Nə qədər məbləğ təklif etsələr, buraxarsınız?
- Mənə aid məsələ deyil. Bunu rəhbərlik bilər.
"Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?
- Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər. Hansı yaxşıdır, o da olsun.
Sizcə, "Araz-Naxçıvan" "Qarabağ"la çempionluq mübarizəsi aparacaq klubdur?
- "Araz-Naxçıvan" çox yaxşı komanadır, təcrübəli, bacarıqlı futbolçuları var. Nəticəyə inamlı oynayırlar. Amma bugünkü oyuna görə belə fikir bildirməyim çətin olar. "Araz-Naxçıvan"ın futbolçuları bəlkə daha istəkli idilər. O temp, o dinamika, mübarizə tam yox idi. Bəlkə də yorğunluqdan irəli gəlirdi. Bütün ölkələrdə ilin sonunda gəzə-gəzə oynayırlar. Futbolçular istirahət haqda düşünürlər.
Adətən klublarımızın, əsasən də "Qarabağ"ın legionerlərini Avropa klubları istəyirlər, alırlar. Sizcə, nə vaxt "Qarabağ"ın və digər komandalarımızın yerli futbolçularını Avropa klubları transfer etmək istəyəcəklər?
- Bəlkə də tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, propaqanda aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.
İcraiyyə Komitəsində pozitiv hansı müzakirələr olundu?
- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir bildirə bilərik.