İspaniya klubunun baş məşqçisi "Qarabağ"ın hücumçusu haqda: "Bildiyim qədərilə, çoxlu qol vurur"
"Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Qarsiya Pimyenta yerli mətbuata açıqlama verib.
Mediasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis braziliyalı forvardın La Liqa təmsilçisinə mümkün keçidini şərh edib.
O, 27 yaşlı cənubi amerikalının yaxşı hücumçu olduğunu deyib:
“Yeni hücumçu ilə bağlı məsələyə "transfer pəncərəsi" açılandan sonra aydınlıq gətirəcəyik. Bildiyim qədərilə, Juniyo çoxlu qol vurur və onun “Qarabağ”la davam edən müqaviləsi var. Qarşıda bizi vacib oyun gözləyir. Tətildən qayıtdıqdan sonra heyəti dəyərləndirmək üçün bir ay vaxtımız olacaq. Hücum xəttini gücləndirməliyik. Digər mövqelər haqqında isə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, Ağdam klubu ispanların transferlə əlaqəli ilkin təklifini qəbul etməyib.
Juninyonun "köhlən atlar"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.