"Yeni ilə yeni nəfəslə başlayacağıq" - Federasiya prezidentinin müşaviri
“Azərbaycanda boksun inkişafı üçün ardıcıl tədbirlər keçirilir. Ölkə çempionatının da yüksək səviyyədə təşkili buna bariz nümunədir”.
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov deyib.
Federasiya rəsmisi kişilər arasında ölkə çempionatının bağlanış mərasimi zamanı jurnalistlərə açıqlama verib.
O bildirib ki, Azərbaycan çempionatında beynəlxalq yarışlarda medal qazanmış idmançılar da mübarizə aparırlar:
“Gənc idmançıları burada görmək müsbət məqamdır. Kişi boksçulardan ibarət milli komandaya yeni təyin olunan özbəkistanlı baş məşqçi Ravşan Xocayevin də əsas məqsədi gəncləri inkişaf etdirmək və 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.
Yeni ilə yeni nəfəslə başlayacağıq. Bunun üçün idmançılarımızın müxtəlif turnirlərdə iştirakı nəzərdə tutulub. Qarşıdakı yarışlardan Vətənə daha çox medalla dönmək istəyirik”.