Qurban Qurbanovun onlayn konfransa qatılmamasının SƏBƏBİ
AFFA milliyə baş məşqçi seçimində İşçi qrupu ilə müzakirələr apararaq onların da fikirlərini nəzərə alıb.
Mediasport.az xəbər verir ki, bunu federasiyanın İcraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Qurum rəsmisi yığmaya baş məşqçi təyinatı zamanı İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun onlayn formatda keçirilən iclasına qatılmamasını da izah edib.
Sərxan Hacıyev bildirib ki, mütəxəssis öz xahişi ilə toplantıda iştirak etməyib:
“İclasda yalnız bir məsələ, milli komandamızın baş məşqçi məsələsi müzakirə olunacaqdı. Qurban Qurbanov daha əvvəl milli komandamızın baş məşqçisi olub. Məhz bu həssaslığını nəzərə alaraq, o, öz xahişi ilə iclasa qatılmadı. Biz də Qurban müəllimin istəyi ilə razılaşdıq”.
Xatırladaq ki, AFFA portuqaliyalı Fernandu Santuşla 3+1 illik müqavilə bağlayıb.