“Araz-Naxçıvan” çempiondursa, biz də ölkə kubokunun son qalibiyik"
“Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır. “Araz-Naxçıvan” ölkə çempionudursa, biz də Azərbaycan Kubokunun son qalibiyik".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə "Baku Fire" komandasının kapitanı Elvin Quliyev deyib.
O, sabah baş tutacaq Azərbaycan Kubokunun final görüşü öncəsi fikirlərini bölüşüb, komandanın hazırlığını dəyərləndirib:
"Yarımfinal oyununda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdır. Heyətimiz demək olar, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq. Oyuna tam hazırıq".
Kapitan azarkeşləri matça baxmağa dəvət edib:
"Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir oyundan ibarətdir və hər zaman fərqli üslubda oynamağı tələb edir. Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürstədən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik".
Qeyd edək ki, final sabah saat 14:00-da, Bakı İdman Sarayında keçiriləcək.
"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmaya giriş pulsuzdur.