Çay qaşığı olmayan "Şamaxı"nın milyonluq "Neftçi" ilə dirəşməsi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
15 milyon manatdan çox büdcəsi olan "Neftçi" hesabat həftəsini də qələbəsiz başa vurdu.
Son illərdə olduğu kimi, bu yay da köklü surətdə dəyişikliklər edilən "ağ-qaralar"da yaxşı nəticə üçün hər bir şərait mövcud olsa da, komandanın yeni mövsümdə 3 xal həsrəti azı daha bir turluq uzandı.
Necə deyərlər, hər şey var, heç nə yoxdu.
Şamaxıda eyniadlı klubun qonağı olan paytaxt təmsilçisinin heyətinin yarıdan çoxu, demək olar, yeni futbolçulardan (əcnəbilərdən) təşkil edilib, baş məşqçi başda olmaqla.
Lakin Türkiyədə yay toplanışında heç də pis təsir bağışlamayan "neftçilər"də hələlik ümid işığı görünmür.
Tək problem komandanın heyətinin yenidən formalaşdırılması olsa, dərd yarı, meydanda bir-birindən xəbərsiz, anlaşmaları ən minimum səviyyədə olan futbolçuların çıxışında ciddi-sabit-balanslı oyun, oyun elementləri görünmür.
Deyəsən, ukraynalı baş məşqçi Roman Qriqorçuk hələ daha bir neçə tur sistem, taktika yoxlaması aparacaq. Bu isə getdikcə geriləmə, yəni, növbəti uğursuz mövsüm demək anlamına gələ bilər.
Hər halda daha qəti fikir söyləmək üçün, fikrimizcə, 3 tur da gözləmək lazımdır. Sonrası artıq təfsilat olacaq.
"Şamaxı" isə...Media nümayəndələri üçün ayrılmış otaqda adi çay qaşığı, şirniyyatı qoymağa boşqab da yox, hətta birdəfəlik qablar tapmasa da, suyu sınıq-salxaq samovarda qaynatsalar da, media-zonada interneti bərbad olsa da, oyunu, mübarizəsi ümid verir.
Baş məşqçi Ayxan Abbasov əsas məqsədlərinin liqada qalmaq olduğunu desə də, açığı, 2-3 yeni transferlə daha yuxarı yerlər uğrunda yarışa bilərlər.
Ötən tur səfərdə iddialı, büdcəsi kifayət qədər yüksək "Zirə"yə qalib gələn, "Neftçi"yə evdə başabaş müqavimət göstərən "şirlər"in heyəti "ağ-qaralar"la müqayisədə, demək olar, sıfırdan yığılsa da, daha təcrübəli Qriqorçukdan fərqli, meydanda məşqçi işi sezilir.
Sadəcə, Azərbaycanda yerli məşqçilərə inam yoxdu, şans verilmir.
Elə matçdan sonra keçirilən mətbuat konfransında Ayxan Abbasovun dediyi kimi.
Yoxsa məsələn, "Neftçi" ilə "Şamaxı"nın imkanlarını ani müqayisə etsək, aradakı uçuruma rəğmən, hər mənada məhdud bölgə klubunun paytaxtlılardan meydanda geri qalmadığını, bəzən daha üstün olduğunu aşkar görə bilərik.
Elvin ƏHƏD