"Avrokuboklara vəsiqə almaq şansımız varsa, niyə də olmasın?"
"Ağır oyun oldu. Qol şanslarımız var idi, hamısından istifadə edə bilmədik. Fasilədən sonra qol epizodumuz bir qədər az oldu. Bu, futboldur. Hər şey ola bilər. Ən yaxşısını etməyə çalışacağıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının 28-ci turunun "Səbail"lə oyunundan sonra (1:1) "Turan Tovuz"un futbolçusu Emmanuel Hakman deyib.
Mərkəz müdafiəçisi növbəti tur qarşılaşacaqları "Sabah"la duelin maraqlı alınacağını bildirib:
"Bilirəm ki, onlar son oyunlarda yaxşı çıxış edirlər. Komandama, yoldaşlarıma inanıram. "Sabah"ın Tovuza gəlişini gözləyirik".
29 yaşlı toqolu "Turan Tovuz"un avrokuboklara vəsiqə qazanmaq şansının olduğunu qeyd edib:
"Sadəcə, buna inanırıq. Gerçəkləşməsi üçün yola davam edirik. Bu məsələ ilə bağlı hansısa qərarın veriləcəyi situasiya yoxdur. Buna inanmalı və irəliyə doğru getməliyik. Rəhbərlik qarşımıza konkret olaraq avrokuboklara çıxmaq hədəfi qoymayıb. Yəni, əsas məqsəd kimi müəyyənləşdirilməyib. Lakin vəsiqə qazanmaq şansımız varsa, niyə də olmasın? Bu yolda irəliləməliyik".