"Çətin qərar oldu, lakin düşündüm ki, bu, hamı üçün faydalı olacaq"
Bu gün "Sabah" futbol klubunun baş məşqçi postundan istefa verən Murad Musayev Rusiya mətbuatına gedişini şərh edib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis dəyişikliyin kluba və ona xeyirli olacağını düşündüyünü bildirib.
41 yaşlı məşqçi deyib ki, Masazır təmsilçisi son iki ildə kifayət qədər yaxşı oyunlar sərgiləyib:
"Birlikdə yaxşı nəticələr qazandıq. Komandanın çoxlu qələbələri oldu. İndi həvəsi itirmişik. Çempionatda üçüncü sıradakı komanda ilə 5 xallıq fərqimiz var. Avrokuboklara vəsiqə əldə etmək və mövsümü yaxşı bitirmək üçün bütün şərtlər var. Bu, çətin qərar oldu, lakin düşündüm ki, bu, hamı üçün faydalı olacaq".
Qeyd edək ki, Murad Musayev "bayquşlar"ı 2021-ci ilin noyabrından çalışdırırdı.
Komanda onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət).
"Sabah" ötən mövsüm Azərbaycan çempionatının gümüş medallarını qazanıb, tarixində ilk dəfə avrokuboklarda çıxış edərək mərhələ adlayıb.