"Yenə nolub, ay loxəbər, "Neftçi" uduzub? - "Neftçi"nin udan günü var ki..." - "Ağ-qara" XƏSTƏLİK
Videotekamızın "Qızıl fondu"nda yer alan "Yol əhvalatı" filminə, xüsusilə mərhum Yaşar Nuri ilə Siyavuş Aslanın ayaqüstü dialoquna baxmayan futbol azarkeşi yoxdur, yəqin ki.
"Yenə nolub, ay loxəbər, "Neftçi" uduzub? - "Eee, Neftçi"nin udan günü var ki...".
Azı son 10 ilin ən dəbdə olan frazasına çevrilən bu iki cümlə aktuallığını davam etdirir.
Yuxarıdan aşağı, aşağıdan yuxarı gəlirlər, gedirlər, gedirlər, yenə gəlirlər, "Neftçi" uduzmaqdan əl çəkmir, bezmir ki, bezmir.
Azarkeşlərini cana doyuran, min bir xəstəliyə düçar edən "ağ-qara" komandanın ağ gününü görənləri günün günortasında çıraqla axtarırlar.
Tamahı ucbatından gecəylə "Sumqayıt"ı yarıyolda buraxıb "Neftçi"yə gələn Samir Abasovu çoxları güclü məşqçi hesab edir. Düzü, məncə də güclüdü...Amma danışmaqda, iş görməkdə yox!
Büdcəsi atıb qaçdığı klubun maliyyə imkanlarından azı 3 dəfə çox olan komandanın qeyri-sabit çıxışlarında, Allahtərəfi, onun payı az olsa da, ələlxüsus iradəsizlik, xaraktersizlik, ruhsuzluq, fikrimizcə, birbaşa Samir Abasovun adına yazılmalıdı. Komandanı oyunlara hazırlaya bilməməyi aşkar hiss edilir, görünür.
Sumqayıt səfəri bunu bir daha göstərdi. Hərçənd "Neftçi"nin futbolçularının böyük əksəriyyəti fərdi keyfiyyətlər baxımından "Sumqayıt"lılardan üstündü.
Məşqçiliyə yeni qədəm qoyan Vaqif Cavadovun gördüyü, görməyə çalışdığı iş ortadadı, komanda onun rəhbərliyi altında uduzanda, heç-heçə edəndə də planlı taktika ilə normal futbol oynamağa çalışır, oynayır.
Samir Abasovun "Neftçi" isə udanda da (nadir hallarda-red.), uduzanda da, 1 xal qazananda da nə düz-əməlli oyun sərgiləyir, nə taktikası-planı var, nə də əzmi.
Məsləhətdi ki, Samir Abasov qışa qədər ya tamamilə əvəzedici heyət üzvlərinə şans versin, ya da transferlərə cavabdeh Kamil Məmmədovu oynatsın.
Onsuz bu mövsüm də əldən çıxan çıxıb, olan olub. Bircə kuboka ümid edirlər ki, bəlkə titulu qazanıb biabırçılığı unutdursunlar.
Fikrimcə, ciddiliyi və futboldan anlayışı olan adam da belə nağıllara inanmamalıdı.
Kubokun 1/4 finalında, yaxud yaxşı halda yarımfinalda hələ formalaşmamış, büdcəsi 100-150 min manat olan "Difai" kimi klubla qarşılaşmayacaqsız...
AYXAN