"Neftçi"nin AVTOBUS boyda dərdi
Dərinliyə getsək, "Neftçi"nin dərdi-səri, problemi bəlkə daha böyükdü. Amma ehtiyac yoxdu, hər şey göz önünə sərilib, bizə tamaş eləmək qalır.
Heyətində çıxış edən ən az ödənişli futbolçunun maaşına "Turan Tovuz"un arzusunda olduğu avtobusdan minimum ikisini almaq olar.
Kiminsə pulunda gözümüz yoxdu a, özlərinə-sağlıqlarına qismət. Siz də bilirsiz ki, "ağ-qara" komandanın illik büdcəsi Tovuz təmsilçisindən hardasa 20-25 dəfə çoxdu.
Di gəl, aralarında dağlar qədər fərq olan bu iki komandanın meydanda göstərdiyi oyun aşağı-yuxarı eynidi: bir tərəfdə 3-5 minə oynayan Natan Oduva, digər yanda 300-500 minlik Qodsvey Donyo və.s. və ilaxır.
"Neftçi"nin transfer siyasəti bərbad deyil, ondan da betərdi. Kamran Quliyev, onun meneceri bu futbolçuları hardan tapır, özlərindən soruşsan, bilməzlər. Bu dərəcə katastrofik transfer siyasəti olar?
Hətta "Sumqayıt"ın, "Səbail"in aldığı futbolçulara kənardan baxanda hiss edirsən ki, nəsə bacarana oxşayırlar, ancaq "Neftçi"nin...vay dədə, vay.
Belə qeyri-sabit, sistemsiz, bir futbolçudan asılılıqla bu komanda ancaq Region Liqasında oynaya bilər. Ötən il Kamran Quliyev "CBC Sport"un efirində sinəsinə döyüb futbolçu satışından yüksək məbləğdə pul qazandıqları üçün pafosla danışırdı, yadınızda olar. O pulları nə etdiz, Kamran məllim?
Sabir Buqrin, Mamadu Kane, Anton Krivotsyukun satışından babat pul götürmüşdüz, bəli. Bəs o pulun əvəzinə kimləri aldız? 5 aydı "adaptasiya" keçən Donyonu? Ya Boqomolskini? Allah sizi güldürsün, Kamran məllim. Nuşi can...
Mən sizin yerinizə olsam, dünənki oyuna görə utandığımdan "Turan Tovuz"a bir avtobus alıb hədiyyə edərəm.
P.S.Bir də vaxtınız olanda "Bakcell Arena"nın media sektorundakı rozetkaları düzəltdirin ki, elektrik enerjisindən istifadə edə bilək. İmkanınız zəifdisə, elektriki biz göndərə bilərik.
Müəllif: Elvin ƏHƏD