Deputatdan sərt tənqid: "Futbolumuz aşsüzən dövrünə yenidən qayıtdı

Deputatdan sərt tənqid: "Futbolumuz aşsüzən dövrünə yenidən qayıtdı

Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 4 günün içində əvvəlcə Avstriya (1:4), ardından İsveç yığmasına biabırçı hesabla (0:5) uduzmasına Milli Məclisin deputatı Fazil Mustafa da sərt reaksiya verib.

mediasport.az xəbər verir ki, Millət vəkili sosial şəbəkə hesabında futbolumuzun yenidən köhnə günlərə - "aşsüzən dövrünə" qayıtdığını yazıb.

F.Mustafanın paylaşımını postu olduğu kimi təqdim edirik:

"Futbolumuz Aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də belə davam edəcək. Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq.

Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın.

Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu.

Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular.

Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı Aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı".