"Digər iki penaltini hissiyyatımla dəf etdim" - "Zirə"nin qəhrəmanı
"İlk iki penaltini hara vuracaqlarını bilirdim. Lakin qalan iki penaltini hissiyyatımla dəf etdim".
Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Zirə"nin qapıçısı Tiaqo Silva deyib.
Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Osiyek"lə (Xorvatiya) cavab oyunundan sonra baş tutan penaltilər seriyasında 4 zərbəni geri qaytaran braziliyalı qolkiper təəssüratlarını bölüşüb, komandası ilə fəxr etdiyini bildirib:
"Yaxşı çempionatı təmsil edən və futbol ölkəsindən gələn bir kollektivə qarşı mübarizə aparıb, layiqli qələbə qazandıq. Bunun üçün xoşbəxtik. Onlar hər həftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar. Amma ümumilikdə nəticədən məmnunuq. Pley-offda “Omoniya” ilə oyunlara köklənməliyik”.
24 yaşlı "sambaçı" penaltilər seriyasından əvvəl baş məşqçi Rəşad Sadıqovun onunla söhbət etdiyini vurğulayıb:
"Mənə bildirdi ki, “Şerif”lə keçirdiyimiz penaltilər seriyasında o qədər də məmnun qalmayıb. Baş məşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Mən bunu pozitiv qəbul edirəm. Bəlkə də bunun nəticəsidir ki, penaltilər seriyasında uğurlu oldum".
O, pley-offda qarşılaşacaqları Kiprin “Omoniya” kollektivi haqqında da danışıb:
"Biz heç kimdən çəkinmirik. Rəqibin kimliyindən aslı olmayaraq, bu kollektiv və komanda sonadək mübarizə aparacaq. İnanırıq ki, bunun nəticəsində də istədiyimizə nail olacağıq".