"Qarabağ" - "Kəpəz" oyunundakı hadisə ilə bağlı AÇIQLAMA yayıldı
Daxili İşlər Nazirliyi Premyer Liqasının 4-cü turunun "Qarabağ" - "Kəpəz" matçından (1:1) sonra polis əməkdaşının meydana daxil olan azarkeşi vurması ilə bağlı açıqlama yayıb.
Mediasport.az xəbər verir ki, qurumun Mətbuat Xidmətinin məlumatına görə, asayiş keşikçisinin qarşılaşma başa çatdıqdan sonra meydana daxil olaraq yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı iddialar araşdırılıb.
Məlumatda bildirilir: "Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib. İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur".
Qeyd edək ki, görüş yekunlaşandan sonra meydana daxil olan azyaşlı polis hücumuna məruz qalıb. Ağdam klubunun futbolçuları azarkeşi polisin əlindən alaraq uzaqlaşdırıb. Tərəflər arasında qısa mübahisə yaşanıb.