Şəmkir klubu mərhum Qəhrəman Əliyevin xatirəsini yad etdi - FOTO
Region Liqasında mübarizə aparan "Qala" klubu bugünlərdə uzunmüddətli xəstəlikdən sonra dünyasını dəyişən Azərbaycanın tanınmış məşqçi və veteran futbolçusu Qəhrəman Əliyevin xatirəsini yad edib.
Klubdan mediasport.az saytına verilən məlumata görə, Şəmkir təmsilçisi eyniadlı qərb klubu ilə tarix yazmış mərhumun xatirəsinə ehtiramlarını nümayiş etdirmək üçün Region Liqasının 10-cu turunun "Şəki" ilə görüşünə xüsusi hazırlaşıb.
Üzərinə "Qəhrəman müəllimin əziz xatirəsinə" yazılmış mayka hazırlayıblar.
Bildirək ki, 2020-ci ildə koronavirusa yoluxmuş Qəhrəman Əliyev keçirdiyi insult səbəbindən komaya düşüb və 3 il müddətində ayılmayıb. “Viləş”, “Şəmkir”, MOİK, “Masallı” komandalarının sabiq baş məşqçisi 63 yaşında vəfat edib.
Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş", həmçinin "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırıb, "Şəmkir"lə Azərbaycan çempionu olub.
O, Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş baş məşqçi idi - 381 görüş. Mərhum futbolçu 1983-1985-ci illərdə “Neftçi”, “Avtomobilçi” (Bakı) (1976-1981), “SKA Xabarovsk” (1981-1983), “Gənclik” (Bakı) (1985-1986), “Avtomobilçi” (Meingəçevir) (1986-1987) klublarının şərəfini qoruyub.