"Əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq"
"Təəssüf ki, epizodları dəyərləndirə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün 1 xal da pis nəticə deyil".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev deyib.
Gənc futzalçı AVRO-2026-nın əsas mərhələsi mərçivəsində dünən Bakıda qarşılaşdıqları İsveç yığması ilə oyun haqda düşüncələrini bölüşüb:
“İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar.
Oyuna gəlincə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük.
Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi kimi də final fitinə 2 saniyə qalmış bərabərlik qolunu vurduq. Xüsusilə ikinci hissədə daha çox qol epizodu yaratdıq.
O, qarşıya qoyulan məqsədlərdən də danışıb:
"Hazırda milli yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq”.
Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan Azərbaycan - İsveç matçı 3:3 hesabı ilə yekunlaşıb.