Elmar Baxşıyev: "Bu rəqiblə oynamaq olar, ruhdan düşmürük"
“Bizi ağır oyun gözlədiyini bilirdik. “Omoniya” heyətində yaxşı fərdi keyfiyyətlərə sahib futbolçular olan təcrübəli komandadır".
MediaSport.az xəbər verir ki, bunu Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Qəbələdə keçirilmiş "Qəbələ" - "Omoniya" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev deyib.
43 yaşlı mütəxəssis komandasının Kipr təmsilçisinə 2:3 hesablı məğlubiyyətini şərh edib:
"Heyətimiz yenidir. Komanda meydanda istəkli idi. Oyunçular meydanda görmək istədiklərimi verməyə çalışırdılar. Heyətimiz çox geniş deyil. Sifariş vərəqində akademiyanın gənc futbolçuları da yer alıb. Matç göstərdi ki, bu rəqiblə oynamaq olar. Ruhdan düşmürük. Cavab qarşılaşmasına hazırlaşıb daha yaxşısını etməyə çalışacağıq.
Azarkeşlərin çoxluğu sevindiricidir. Çempionat qarşılaşmalarında da bu qədər tamaşaçımızın olmasını istəyirik. Oyun keyfiyyəti xoşuma gəldi. Hesab 1:0 olandan sonra bir neçə epizod yaratdıq. Onları dəyərləndirsəydik, nəticə fərqli olacaqdı. Matçı düzgün analiz edib cavab görüşünə hazırlaşmalıyıq. Qapıçını dəyişmək fikrində deyilik, inandığımız qolkiperdir.
Standart vəziyyətlərin üzərində də işləmiş, Roman Bezusun fərdi keyfiyyətlərini oyunçuların diqqətinə çatdırmışdıq. Amma onun ustalığını da nəzərə almaq lazımdır. Penalti epizoduna sonradan baxmamışıq. Biz gördüyümüz qədər ölkə çempionatda elə vəziyyətlərdə penalti vermirlər. Həmin epizodun üzərində dayanmaq istəmirəm. Onların qapısında eyni vəziyyətdə hakim penalti vermədi. Bu heyətlə davam edəcəyik. Futbolçularıma inanıram ki, Kiprdə layiqli mübarizə aparacaqlar.
Komandadan 9 futbolçu bizi tərk edib. Əlbəttə ki, vaxta ehtiyac var. Gündən-günə daha artığını etməyə çalışırıq. Çempionatda da öz iddiamızdan əl çəkməyəcəyik”.