Millimizin İngiltərə yığması ilə oyununun saatı məlum olub
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti iki oyununun başlanma saatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığmamızın İngiltərə və Ukrayna ilə matçları saat 16:00-da start götürəcək.
Martın 21-i və 26-da baş tutacaq hər iki görüş, əvvəldən məlum olduğu kimi, “Azərsun Arena”da keçiriləcək.
Qeyd edək ki, komandamız F qrupunda 4 oyundan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb. Futbolçularımız səfərdə Ukrayna və Serbiyaya müvafiq olaraq 0:1 və 0:2 hesabları ilə uduzublar.
Bakıda Lüksemburqa qalib gələn (3:2) U-21 digər ev görüşündə Şimali İrlandiyaya məğlub olub - 1:2.
Millimizlə eyni xala malik Lüksemburq və Şimali İrlandiya daha yaxşı göstəricilərə görə 4-5-ci yerləri bölüşdürürlər.
Ukrayna 5 qələbə ilə qrupda birinci yerdə dayanırsa, aktivində 5 matça 12 xalı olan İngiltərə 2-ci sırada yer alır.
Qrup üçüncüsü Serbiyanın hesabında 9 xal var.