Elmar Baxşıyevlə Vaqif Cavadovun cəzaları açıqlandı
AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev və "Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.
Mediasport.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən ev matçında meydandan qovulan Baxşıyev 1 oyunluq cəzaya məruz qalıb.
Klubu 800 manat cərimə ödəyəcək. “Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Hər iki komanda 700 manat cərimədən qaça bilməyib.
Sumqayıt təmsilçisinin gənc çalışdırıcısı isə "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün cəzalanıb. 34 yaşlı mütəxəssis birbaşa qırmızı vərəqə alıb və komandasının iki oyununu kənardan izləyəcək. Sumqayıtlılar Cavadova görə 150 manat cərimələniblər.