"Sonrakı oyunlarda istədiyimiz nəticələri qazana bilmədik"
"Mövsümə yaxşı başladıq. İlk dəfə iştirak etdiyimiz Avropa Konfrans Liqasında mərhələ adladıq. Premyer Liqaya böyükhesablı qələbə ilə start verdik. Lakin təəssüf ki, sonrakı oyunlarda istədiyimiz nəticələri qazana bilmədik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov deyib.
28 yaşlı yarımmüdafiəçi komandasının mövsümün geridə qalan hissəsində çıxışları barədə danışıb:
"Bir çox oyunumuz oldu ki, rəqibdən üstün çıxış etsək də, qalib gələ bilmədik. Bu, futboldur, belə şeylər olur. Artıq geridə qalıb. Əsas olan bundan sonrakı matçlara yaxşı hazırlaşmaq, maksimum köklənməkdir".
Milli komandamızın futbolçusu buraxdıqları səhvlərdən nəticə çıxarmalı olduqlarını vurğulayıb:
"Bundan sonra çempionatın ilk yarısında olan səhvlərimizi düzəldib mövsümün qalan hissəsində yaxşı nəticə qazanmalıyıq. Qış təlim-məşq toplanışının bu mənada komandaya çox xeyirli olacağını düşünürəm. İnanıram ki, fasilədən sonra yaxşı nəticələr qazanıb azarkeşlərimizi, bizə inananları sevindirəcəyik".
Qeyd edək ki, Murad Musayevin baş məşqçisi olduğu Masazır təmsilçisi 18 turdan sonra 22 xalla 8-ci pillədə qərarlaşıb və lider "Qarabağ"dan 19 xal gei qalır.