Elxan Məmmədov türkdilli federasiyaları başına topladı
AFFA-nın Protokol Xidmətinin rəisi Orxan Əhmədov türkdilli ölkələrin futbol federasiyalarının Əməkdaşlıq Şurasının iclasında iştirak edib.
Mediasport.az xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində gerçəkləşib.
Yığıncağa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Türkiyə futbol federasiyaları qatılıblar. İclasda FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.
Türkiyə Futbol Federasiyasının Əməkdaşlıq Şurasına sədrlik etməsi qərara alınıb. Qurum iyunun 1-dən bir il müddətinə bu vəzifəni yerinə yetirəcək.
Bu ilin ikinci yarısında Türkiyədə beynəlxalq turnir də təşkil olunacaq.
Türkdilli ölkələrin futbol federasiyalarının Əməkdaşlıq Şurası sözügedən ölkədə yarışın keçirilməsini məqsədəuyğun hesab edib.
Payız aylarında keçirilməsi nəzərdə tutulan yarışa Azərbaycanın gənclərdən ibarət milli komandalarından biri qatılacaq.