Federasiya prezidenti: "Əgər alınmasa, ona yenə şans verəcəyik"
Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü və "Araz-Naxçıvan" futbol klubunun qeyri-rəsmi himayədarı Zaur Axundov Mediasport.az saytına müsahibə verib.
Komandanız "Qarabağ"ı məğlub etdi, oyun haqqında fikirləriniz maraqlıdır.
- Maraqlı oyun keçdi. Açığı, nəticə də gözlənilməz oldu. "Araz-Naxçıvan" komandasını təbrik edirəm.
Bu komandaların ilk dövrədəki duelində "Araz-Naxçıvan" eyni hesabla məğlub olmuşdu. Demək olar ki, revanş alındı?
- Yox, revanş deməzdim. Həm də qələbəni mən qazanmamışam, bilirsiz ki, klubun prezidenti Ramin Axundov qardaşımdır, özü olmadığına görə gəlib komandasına dəstək verirəm. Burada həm də AFFA İcraiyyə Komitəsinin üzvü, bir naxçıvanlı kimi iştirak edirəm.
"Araz-Naxçıvan" mövsümün əvvəlində 15-20 günə formalaşan, normal təlim-məşq prosesi keçməyən komanda olsa da, 11 turdan sonra turnir cədvəlində ilk "3-lük"də qərarlaşıb. Klub rəsmisi Eldəniz Yusubov da mövsümün əvvəlində avrokuboklar uğrunda mübarizə aparacaq komanda quracaqlarını demişdi. Demək olar ki, bu hədəfə doğru inamla addımlayırsız?
- Siz mənim xasiyyətimi bilirsiz, avrokubok haqqında danışmaq hələ çox tezdir. Marafon uzundur, qarşıda 25 tur var hələ. Özünüz də görürsüz ki, çempionat nə qədər çətin, gərgin keçir. Turnir cədvəlində komandalar da bir-birinə çox yaxındır. Bütün komandalara, başda da Azərbaycan millisinə uğurlar arzulayıram.
Maraqlı bir məqam var, "Araz-Naxçıvan" illər əvvəl məhz "Tofiq Bəhramov"da "Qarabağ"a 0:4 hesabı ilə uduzduqdan sonra çempionatdan çəkilmişdi. İndi həmin stadionda həmin "Araz-Naxçıvan" həmin "Qarabağ"a qalib gəldi...
- Ən böyük naxçıvanlı azarkeş kimi, sevinirəm ki, bu gün bölgəmiz yüksək liqada, milli çempionatımızda çıxış edir. Naxçıvanlı azarkeşlər üçün bundan böyük sevinc ola bilməz. Bu gün "Qarabağ"ı uddu, yaxud məğlub oldu - bunun heç bir fərqi yoxdur. Əsas odur ki, "Araz-Naxçıvan" Birinci Divizionda layiqincə çıxış edərək çempion oldu və Premyer Liqaya vəsiqə qazandı.
"Araz-Naxçıvan"ın prezidenti komandanın qarşısına hansı hədəfi qoyub?
- Uzun fasilədən sonra Naxçıvan yenidən Premyer Liqada təmsil olunur. Bildiyimə görə, rəhbərliyin məqsədi komandanın Naxçıvan Muxtar Respublikasını layiqincə təmsil etməsidir. Klubun qarşısına çempionatda yer tutmaq hədəfi, tapşırığı qoyulmayıb.
- Naxçıvan stadionunda vəziyyət nə yerdədir, işlər nə vaxt başlanılacaq?
- Bu yaxınlarda işlərə start veriləcək. Fikrimcə, bir neçə aya stadion hazır vəziyyətdə olacaq və Naxçıvan azarkeşləri sevimli komandanın oyunlarını evdə izləyib dəstək verə biləcəklər.
Arenada işlərin başlanmasının gecikmə səbəbi nədir?
- Bəzi müqavilələr, danışıqlar aparılır. Təklifləri götür-qoy elədik ki, işimiz keyfiyyətli aparılsın. Gecikmə yoxdur, sadəcə, sənədləşmə proseduru normal olaraq vaxt aparır.
"Araz-Naxçıvan"ın böyük futbola qayıdışı eyni zamanda Muxtar Respublikada futbolun inkişafına bir təkan ola bilər?
- Əlbəttə. Hələ sovetlər dönəmindən Naxçıvan futbol bölgəsi olub. "Araz-Naxçıvan" müxtəlif yarışlarda iştirak edib. Muxtar Respublikanın ərazisi çox böyükdür, şəhərləri-rayonları çoxdur. Naxçıvanda futbolu çox sevirlər. Komandanın indi belə nəticələrindən sonra uşaqların, gənclərin marağı, futbol sevgisi daha da çoxalacaq.
Muxtar Respublikadan digər komandaların Premyer Liqaya gəlməsi mümkündür?
- Naxçıvanda bu ildən artıq daxili çempionat keçirilir. Qalib Region Liqasında təmsil olunacaq. Təbii ki, birdən-birə heç nə etmək mümkün deyil. Addım-addım irəliləmək olar. Biz də istəyərik ki, Ordubadın, Şərurun yaxud Culfanın komandası Naxçıvanın ikinci təmsilçisi kimi yüksək liqada çıxış etsin.
AFFA İcraiyyə komitəsinin üzvü kimi, milli komandamız haqqında nə deyə bilərsiz? Seçmə mərhələdə sona 2 tur qalıb, 4 xal qazanmışıq. Sizcə, De Byazinin başa çatmaqda olan müqaviləsi yenilənməlidir, yoxsa onu göndərmək lazımdır?
- İcraiyyə Komitəsi yığışacaq, bu məsələ müzakirə olunacaq. Açığı, De Byazinin yerinə ondan yaxşısını görmürəm. O, mənim qohumum deyil, dayım oğlu deyil. Əsas odur ki, futbolçular can yandırsınlar, onlardan çox şey asılıdır. De Byazi və yaxud başqa bir məşqçi futbolçunun əvəzinə meydana çıxıb özü oynayamayacaq. Milli komanda bizim başımızın tacıdır. Hamımız ilk növbədə bu komanda üçün çalışmalıyıq. Baş məşqçi kim olur-olsun - bizə daha yaxşı nəticələr lazımdır. Necə olacağını zaman göstərər, az vaxt qalıb.
Yerli mütəxəssislər arasında milliyə layiq gördüyünüz namizəd yoxdur?
- Söz-söhbətlər gəzir, biz də baxırıq. AFFA İcraiyyə Komitəsində oturanlar futbolu bilən, ağıllı, peşəkar insanlardır. Təbii ki, müzakirələr aparıb bir qərara gələcəyik.
Həm də futzal federasiyasının prezidenti olduğunuz üçün mövzudan yan keçmək olmaz. Azərbaycan yığmasının dünya çempionatına yollanmaq şansı çox azdır. Bu haqda nə deyə bilərsiz?
- Şansımız qalır, orada bir çox məqamlar var. Komandaya, məşqçilər korpusuna güvənimiz böyükdür. Tapşırıq da vermişəm, millidən qıraqda gənc futzalçılardan ibarət bir baza formalaşdırılsın və keçmişdə yığmada oynamış tanınmış veteran futzalçılarımız onlarla məşğul olsunlar. Seleksiya işləri aparılır, artıq 14-15 nəfər oraya cəlb edilib. Say 20-yə çatdırıla bilər. Məqsədimiz bunların içindən əsas milliyə 5-6 oyunçu yetişdirməkdir.
Bizdə adətən belə bir ənənə var ki, əcnəbi mütəxəssisə daha çox şans verilir, lakin yerli məşqçilər bir az uğursuz olan kimi göndərilir. Millimizin baş məşqçisi Vitali Borisova uzun müddət şans verəcəksiz?
- Xeyr, əksinə, Vitali Borisov şəxsən mənim təklifimlə həm milli komandaya, həm də "Araz-Naxçıvan" futzal klubuna baş məşqçi təyin olunub. Əlbəttə, hamımız istəyirik ki, dünya çempionatının final mərhələsində iştirak edək. Buna baxmayaraq, alınmasa, ona yenə şans verəcəyik. Amma söhbətimiz olacaq.
Elvin ƏHƏD