"Finaldan necə məhrum olduğumuz hamının yaddaşındadı" - VİDEO

"Finaldan necə məhrum olduğumuz hamının yaddaşındadı" - VİDEO

"Zirə" Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

 

mediasport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov görüşdən sonra jurnalistlərin suallarını cavablanıdırıb:

 

- Bilirdik ki, bizim üçün asan oyun olmayacaq. Futbolçularla da danışırdıq bu barədə. Samir Abasovun gəlişindən sonra komandanın oyun planında inkişaf açıq-aşkar görünürdü. Daha dinamik, daha aqressiv oynayırlar. Səfərin ağır olacağını bilirdik. Oyuna yaxşı başladıq, qol vurduq. Sonradan oyun planında passivləşdik və rəqibə daha rahat oynamağa imkan verdik. İkinci yarıda dəyişikliklərdən sonra dinamika və aqressiyamız artdı. Oyunun həmin hissəsindən daha çox razı qaldım. Qol vurduq, sonradan yenə qol epizodlarımız var idi. Çox vacib qələbə qazandıq. Sumqayıt səfəri həmişə ağır, çətin olur. Bu da həmin oyunlardan biri idi.

 

Sanki Sərtan Taşkın meydana sonradan qol vurmaq üçün çıxır. Artıq 4 qol vurub.

- Bəzən elə futbolçular olur ki, oyuna sonradan daxil olanda özünü daha rahat hiss edir. Sərtan da o futbolçulardan biridir. Ona 30-35 dəqiqə vaxt verəndə özünü daha yaxşı hiss edir. Bu il də hücum planında inkişaf görünür. Hücum xəttində itkilərimiz var idi. Oyunu sonradan gücləndirmək üçün futbolçumuz yox idi, ona görə Sərtandan istifadə etdik. O da etimadı doğrultdu və biz də buna sevinirik.

 

Bəhmən Həsənov mətbuata açıqlamasında deyib ki, Rəşad Sadıqovun "Zirə" karyerasından daha yaxşı nəticə gözləyirdim. Siz özünüz razısınız "Zirə" karyeranızdan?

- Təbii ki, səndən çox şey gözləyirlərsə, bu, adamı sevindirməyə bilməz. İki il yarımı təhlil etsək...İlk ilimdə, "Neftçi"nin çempion olduğu mövsümdə möhtəşəm idi. "Qarabağ"ı da nəzərə almalıyıq. Mövsümboyu üçlükdə getmişdik, çempionatda və kubokda müəyyən haqsızlıqlarla üzləşmişdik. Finaldan necə məhrum olduğumuz hamının yaddaşındadı. Keçən il üçüncü yer olduq, kubokda finala çıxdıq. "Qarabağ" və "Neftçi" bizdən öndə bitirib. Maksimumuzu verə bilmişik. Daha yaxşı ola bilərdi? Bəli, ola bilərdi. Məqşçi hər zaman qarşısına maksimum nəticə qoymalıdı, amma müəyyən reallıqlar da var və bunu da nəzərə almaq lazımdı. Məndən çox şey gözlənilməsi məni sevindirir.

 

- Qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaqsız.

- Təbii ki, həmin oyun bizim üçün turnir cədvəli baxımından çox önəmli olacaq. "Neftçi", "Qarabağ" kimi komandalarla oyunlarda qazancağın hər bir xal önəmlidi. Müəyyən itkilərlə hazırlaşacağıq. Hacıağa Hacılı da cəzalı duruma düşdü. Əlimizdən gələni edəcəyik. Qazanılan xallar bizim üçün çox önəmlidi. İmkan qədər irəliləməyi planlaşdırırıq.

 

- Ölkə kubokunda öncə "Mingəçevir"lə oynayacaqsız. Onları keçsəz, "Neftçi" ilə qarşılaşmaq ehtimalınız var.

- Artıq üçüncü ildir ki, "Zirə"də baş məşqçiyəm və yenə potensial rəqib "Neftçi" görünür. Əgər "Mİngəçevir"i keçsək, belə ola bilər. Maraqlı mübarizə olacaq. Hər iki komanda kubokda irəliləmək istəyir. Yarımfinalda uduzmaqdansa, 1/4 finalda uduzmaq daha yaxşıdı. "Mingəçevir"i keçsək, seçim etsəm ki, "Neftçi" ilə yarımfinalda, yoxsa 1/4 finalda qarşılaşım, daha yaxşısı 1/4-di. Yarımfinalda güc sərf edirsən, çempionat matçları olur. "Neftçi" kubokda favoritlərdən biridi. Onlarla erkən qarşılaşmağımız bəlkə də, daha yaxşı olar.