"Yalnız "Qəbələ" ilə oyundan sonra "Partizan" haqda düşünmək olar"
"Çətin oyun oldu, rəqib güclü idi. Ötən il Konfrans Liqasının qrup mərhələsində mübarizə aparmışdılar".
Bu sözləri "Sabah"ın kapitanı Elvin Camalov mediasport.az saytına açıqlamasında deyib.
Təcrübəli yarımmüdafiəçi Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab dueli çərçivəsində Bakıda RFS-lə (2:1) keçirilmiş oyun haqda fikirlərini bölüşüb. Camalov 2:1 hesablı qələbəni bu cür şərh edib:
"Bizim ilk oyunumz da çətin keçmişdi. Cavab matçında rəqib azlıqda qalsa da, mübarizəni davam etdirib qol vurdu. Lakin biz əzmkarlıq göstərərək sonadək vuruşduq, qələbəyə inandıq. Çox şükür ki, bunun öhdəsindən gələ bildik. Qələbədə pay sahibi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərimizə xüsusi minnətdarlığımı çatdırıram".
Milli komandamızın üzvü bu gün start götürəcək Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ" ilə 2 gün sonra baş tutacaq qarşılaşma haqda bunları deyib: "Mövsümün ilk oyunudur. İndi ancaq bu oyuna köklənmişik. Çətin oyun olacaq. "Qəbələ" ilə görüşlərimiz həmişə gərgin keçir. Ancaq əlimizdən gələni edəcəyik ki, bu qarşılaşmadan da qalib ayrılaq".
28 yaşlı futbolçu Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcəkləri "Partizan"ın titullu kollektiv olduğunu vurğulayıb: "İndi əsas diqqətimizi "Qəbələ" ilə matça yönəltmişik. Yalnız bundan sonra "Partizan" haqda düşünmək olar. Rəqib haqda ancaq onu deyə bilərəm ki, Serbiyanın köklü klublarından biridir".
Qeyd edək ki, "Sabah" "Partizan"la ilk matçı avqustun 10-da Bakıda keçirəcək. Cavab görüşü bir həftə sonra Belqradda olacaq.