Tərlan Əhmədov: "Rahat şəkildə qalib gələ bilərdik"
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 8-ci turunun “Sumqayıt”la səfər görüşünü şərh edib. MediaSport.az xəbər verir ki, mütəxəssis qolsuz bitən matçda qələbə qazanmağa çox yaxın olduqlarını deyib.
Əhmədov komandasından yaxşı oyun gözlədiyini, eyni zamanda futbolçularda özlərinə qarşı inamsızlıq yarandığını, onların üzərində təzyiq olduğunu bildirib.
“Maraqlı oyun gördük, turnir cədvəlindəki vəziyyətlə bağlı təzyiq var idi. İki autsayder komanda görüşürdü. Buna baxmayaraq, komanda çox əla oyun nümayiş etdirdi. Ümid verdi ki, gələcəkdə daha yaxşı nəticələr qazanmaq olar. Bu gün qol epizodlarımız oldu. Rahat şəkildə qalib gələ bilərdik. Görünən odur ki, komandanın özündə təzyiq çoxdur. Hiss etdiyim qədər futbolçular özlərinə və komanda yoldaşlarına o qədər də inanmırlar. Amma yavaş-yavaş bunlar yoluna düşəcək. Altı məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir. Yavaş-yavaş bu işin öhdəsindən klub olaraq gəlirik. Klub rəhbərliyi komanda üçün böyük işlər görür. Komanda meydanda mübarizə aparır, güc sərf edir. Meydanda diqtə edən tərəf biz idik. Çalışırdıq ki, topa daha çox nəzarət edək, rəqibi oyundan çıxaraq. Hələ o soyuqqanlılıq yoxdur ki, epizodları düzgün dəyərləndirək".