Leandro Andrade: "Hamımız mərhələni adlayacağımıza inanırıq"
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Portuqaliya mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin kabo-verdeli futbolçusu əvvəldən "Braqa" və ya "Benfika" ilə qarşılaşmaq istədiklərini deyib.
25 yaşlı hücumameylli futbolçu qeyd edib ki, bu iki komanda Portuqaliyanın ən yaxşı kollektivləridir.
Andrade, həmçinin, Portuqaliyanın məşhur futbolçularından, hazırda "Braqa"da çıxış edən yığmanın sabiq üzvü Joau Moutinyuya rəqib olduğuna görə çox sevindiyini qeyd edib:
“Biz hamımız vətənimizi sevirik. Pley-offda rəqibimizin məhz Portuqaliya klubu olmasını istəyirdim. Moutinyu ilə eyni bölgədənəm, Alqarvidə onun atası mənim atamın məşqçisi olub. Yenidən doğma yerdə oynayacağım üçün çox həyəcanlıyam. Ailəmlə danışmışam, onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Belə hal tez-tez baş vermir. Hamımız mərhələni adlayacağımıza inanırıq. Hər iki matçda bütün bacardıqlarımızı ortaya qoyacağıq ki, yaxşı nəticə qazanaq, özümüzə güvənirik. Rəqibi təhlil etmişik, haqqında lazım olan bütün məlumatları öyrənmişik və üstün cəhətlərindən xəbərimiz yetərincədir".
Portuqaliyalı yarımmüdafiəçi bu qış Çinin "Şanxay Şenxua", Türkiyənin “Qalatasaray” və Rusiya klublarından təkliflər aldığını açıqlayıb: “Konkret bu variantlar var idi. “Qarabağ” məni saxlamaq istədi və vacib oyunçu olduğumu anladığım üçün qalmağa qərar verdim. "Transfer nağılı” başa çatdıqdan sonra müqaviləmi 2027-ci ilə qədər yenilədim”.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü Braqanın "Munisipial" stadionunda baş tutacaq və duel fevralın 15-də, Bakı vaxtilə saat 00:00-da başlanacaq.
Komandalar bir həftə sonra Bakıda qarşılaşacaqlar.