Rusiya mətbuatı: "Qurbanovun komandası əla, kombinasiyalı futbol nümayiş etdirdi, lakin..."
Rusiya mətbuatı "Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində Londonda “Tottenhem”lə görüşündən yazıb.
Mediasport.az xəbər verir ki, həmkarlarımız Qurban Qurbanovun komandasının 0:3 hesablı məğlubiyyətini şərh ediblər.
Məqalədə Azərbaycan çempionunun bəxtinin gətirmədiyi qeyd olunub.
“Sport Ekspress” nəşri "köhlən atlılar"ın İngiltərədə yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb:
"Oyun güclü yağış səbəbindən digər matçlardan gec başladı və komandaların vaxtında stadiona gəlməsinə mane oldu. Məcburi fasilə və yaş qazon ən pis “Tottenhem”in müdafiəçisi Draquşinə təsir etdi və o, topla uğursuz davrandığı üçün qapıya doğru istiqamət alan Juninyonu yıxmağa məcbur qaldı.
Londonluların heyətində ilk matçına çıxan oyunçunun erkən qovulması yaddaqalan olsa da, baş məşqçi Angelos Postekoqlunun komandası bunu hiss etmədi və hesabı erkən açdı.
Qurban Qurbanovun komandası əla, kombinasiyalı futbol nümayiş etdirdi, lakin onların bəxti gətirmədi. İkinci hissədə Toral Bayramov penaltini göyə vurdu, Juninyonun qolu ofsayd səbəbindən ləğv olundu, Elvin Cəfərquliyevin zərbəsini isə Vikario doqquzluqdan çıxardı.
“Tottenhem”in səviyyəsi, sadəcə, daha yüksəkdir və bu, istənilən səhvə görə cəzalanmağa imkan verdi".