İTV İngiltərə Premyer Liqasının oyunlarını yayımlamaqdan imtina etdi

İTV İngiltərə Premyer Liqasının oyunlarını yayımlamaqdan imtina etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümü, böyük ehtimal, Azərbaycanda yenidən yayımlanmayacaq.

MediaSport.az saytına daxil olan məlumata əsasən, ötən mövsüm liqanın yayımını həyata keçirən İTV telekanalının növbəti mövsüm üçün belə bir planı yoxdur.

Kanalın idman departamentinin rəhbəri Kənan Hakimov saytımıza açıqlamasında xəbəri təsdiq edib: "Bu barədə heç bir danışıq olmayıb və yeni mövsümdə İngiltərə Premyer Liqasının yayımı gündəmdə deyil. Yəni, bu gün üçün belə bir məsələ yoxdur, sabah nə olacağını Allah bilir".

Bildirək ki, İTV-yə qədər yarışı ölkəmizdə "İdman Azərbaycan" kanalı yayımlayırdı. İlk idman kanalında strategiya dəyişdikdən və maliyyə azaldıqdan sonra tamaşaçılar bir neçə il Premyer Liqa oyunlarını doğma dilimizdə izləyə bilmədilər. Bu həsrətə inişilki mövsümün startında məhz İTV son qoymuşdu.

Ölkənin digər idman kanalı - "CBC Sport"un da yayım siyahısının yetərincə olduğunu nəzərə alsaq, İngiltərə futbolunun həvəskarları yenidən xarici telekanallara üz tutmalı olacaqlar. Azərbaycanda UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, həmçinin ispaniya La Liqası, İtaliya A Seriyası və milli komandamızın oyunlarının rəsmi yayım hüququ bu kanala məxsusdur.

Elvin