Olavio Juninyo "Tuluza"ya transferi haqda: "Menecerim Bakıya gələcək və lazım olan məlumatı verəcək"
"Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər belə bir məsələ varsa da, bu işlərlə agentim məşğul olur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Fransanın "Tuluza" klubu ilə anlaşdığı yazılan "Qarabağ"ın hücumçusu Olavio Juninyo deyib.
Braziliyalı forvard məlumatları bugünlərdə Bakıya gələcək menecerindən öyrənəcəyini qeyd edib:
"Agentim Bakıya gələcək və mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm".
27 yaşlı forvard Premyer Liqada sona 8 tur qalmış təmin edilən çempionluqdan da danşıb. O, karyerasında qazandığı ilk titulu haqda bunları deyib:
"Bu, mənim həm "Qarabağ", həm də peşəkar karyeramda qazandığım birinci tituldur. Çox xoşbəxtəm, mənə mənə əlavə sevinc bəxş edir. Erkən çempionluq? Hər mövsümdən əvvəl qarşıya hədəflər qoyulur. Bu çempionluğumuz da görülən işlərin nəticəsidir. Etiraf edim ki, belə erkən reallaşacağını gözləmirdim. Əlbəttə ki, planımız və məqsədimiz çempion olmaq idi".
Qeyd edək ki, Premyer Liqanın 28-ci turunda "Kəpəz"i 6:1 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 3-cü, ümumilikdə isə 11-ci dəfə Azərbaycan çempionluğunu təmin edib.