"Kəpəz" rəhbərliyi və məşqçi heyətinin istefasını tələb edəcəyik"
"Kəpəz"in müstəqil fanat qrupu "Xəmsə" bəyanat yayıb.
Mediasport.az xəbər verir ki, azarkeş ordusu Gəncə təmsilçisinə qışa qədər vaxt verdiklərini bildirib.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Xəmsə" Müstəqil Fanat Klubu olaraq, "Kəpəz"i bütün ev və səfər matçlarında dəstəkləmişik. Komandanın hazırkı vəziyyəti, hamı kimi, bizi də narahat edir. Komandanın yalnız nəticəsi deyil, həmçinin göstərdiyi oyun bizi ciddi narahat edir. Komandanın maddi-texniki bazası və infrastrukturunun ürəkaçan vəziyyətdə olmamasına baxmayaraq, komandanın nəticələri bizi qane etmir.
"Xəmsə" Müstəqil Fanat Klubu olaraq, həmçinin, "Kəpəz"də yalnız gəncəlilər çalışmalıdır" fikrinin tərəfdarı deyilik. Bizim üçün önəmli olan klubda çalışan şəxslərin öz işlərinə məsuliyyətlə yanaşması olub. Komandaya zərər verən şəxslərə qarşı isə mübarizəmizi davam etdirəcəyik.
"Xəmsə" Müstəqil Fanat Klubu olaraq, qış fasiləsinədək ümidverici sayda xal toplanmazsa, klub rəhbərliyi və məşqçi heyətinin istefasını tələb edəcəyimizi, istefa gerçəkləşməzsə, daha sərt addımlar atacağımızı bəyan edirik.
Sonda isə bildiririk ki, qış fasiləsinədək komandamıza lazımi azarkeş dəstəyini göstərməyə davam edəcək və bu yolda da klubun yanında olacağıq".
Qeyd edək ki, "Kəpəz" Premyer Liqada 9 turdan sonra 5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.