Qəzaya düşən PFL rəhbərliyinin vəziyyəti yaxşılığa doğru gedir
2023-cü il dekabrın 16-da Xankəndiyə gedərkən Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu istiqamətində ağır qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda növbəti dəfə əməliyyat olunub.
Bu barədə Mediasport.az saytına qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev məlumat verib.
PFL rəsmisi əməliyyatın uğurlu keçdiyini və Səmədovun vəziyyətinin yaxşılaşdığını bildirib:
"Hər şey qaydasındadır. Reabilitasiya davam edəcək, bundan sonra tam bərpa dönəminə keçirlər. Düşünürəm ki, bir müddət sonra həkimlər onun ayağa qalxmasına çalışacaqlar. İndi hələlik qısa müddətə ayağa qaldırırlar. Həkimlərin dediyinə görə hər şey qaydasındadır".
S.Abdullayev hadisə zamanı ağır yaralananlardan vitse-prezident Aslan Şahgəldiyevin vəziyyətinin də müsbətə doğru getdiyini vurğulayıb:
"Müalicəsini xəstəxanada davam etdirir. Asta-asta ayağa qalxır, dəstəkçi vasitələrlə qısa məsafələrə hərəkət edə bilir. Aslan müəllimin də fizioterapiyası davam etdirilir. Həkimlər vəziyyətinin yaxşılığa doğru getdiyini düşünürlər".