Almaniyanın "Herta" klubunda oynayan futbolumuzun gələcəyi

Almaniyanın "Herta" klubunda oynayan futbolumuzun gələcəyi

Azərbaycan futbolunun gənc istedadı Zeyd Nəsirulla karyerasında yeni mərhələyə qədəm qoyub.

Mediasport.az xəbər verir ki, 2009-cu ilin mart ayında dünyaya gələn futbolçu bu yaxınlarda ilk dəfə Azərbaycanın U-17 millisinə dəvət alıb.

Hazırda Almaniyanın “Herta Zelendorf” klubunun U-17 komandasının şərəfini qoruyan Zeyd yüksək ciddiyyəti olan Regional Liqada çıxış edir.

U-17 millisinə ilk dəvət

Zeyd Nəsirulla üçün Azərbaycanın U-17 yığmasına ilk dəfə dəvət almaq böyük şərəf və uğurdur. Bu çağırış onun futboldakı çalışqanlığının və əzmkarlığının bəhrəsidir. Gənc oyunçunun sözlərinə görə, millinin formasını geyinmək onun üçün xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycan yığmasında çıxış etmək ən böyük arzularımdan biri idi və bu dəvət mənə ömrüm boyu unuda bilməyəcəyim hisslər yaşatdı. İlk dəfə milli komandada oynamaq fürsətini qazandığım üçün çox qürurluyam. Çalışacağam ki, ölkəmi beynəlxalq arenada ən yaxşı şəkildə təmsil edim”.

Yığmada ilk imtahan - Türkiyə ilə qarşılaşma

İlk dəfə U-17 millisinin heyətində yer alacaq Zeydi qarşıda böyük sınaq gözləyir. O, sentyabrın 9-12-də Türkiyənin U-17 seçməsi ilə Kocaeli stadionunda keçiriləcək yoldaşlıq oyunlarında Azərbaycanın uğurları üçün tər tökəcək. Bu qarşılaşmalar Zeydin Azərbaycan millisində ilk oyun təcrübəsi olacaq. İstedadlı futbolçu özünü beynəlxalq səviyyədə nümayiş etdirmək üçün vacib fürsət əldə edəcək. Azərbaycan futbolunu layiqincə təmsil etməyi hədəfləyən oyunçu Türkiyə ilə görüşlərin vacibliyinə toxunub: “Qardaş ölkə ilə keçirəcəyimiz matçlar mənim üçün həyəcanlı təcrübə olacaq. Bu oyunlarda potensialımı sübut etmək üçün əlimdən gələni edəcəyəm”.

Almaniyada peşəkar karyera

Regional Liqa Almaniyada yeniyetmələr üçün olduqca güclü çempionat hesab edilir. Zeyd Nəsirulla da bu liqada özündən yaşca böyük oyunçularla rəqabət aparır. Burada futbol oynamaq ona böyük təcrübə qazandırıb və gənc istedad bu mühitdə öz bacarıqlarını daha da inkişaf etdirib. Zeyd oyundan-oyuna göstərdiyi performansla komandasının əsas üzvlərindən birinə çevrilib. Qeyd etmək yerinə düşər ki, bu amil onun milli komandaya dəvət almasının əsas səbəblərindən biridir.

Gələcək hədəflər

15 yaşlı Zeydin hədəfləri böyükdür. O, Azərbaycan millisində möhkəmlənərək, beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil etmək niyyətindədir. Eyni zamanda, Bundesliqada oynamaq arzusu da onun gələcək planları arasında yer alır. İndiki məqamda isə Azərbaycan yığmasının formasını geyinərək karyerasında yeni təcrübələr qazanmağı hədəfləyir.

Zeyd Nəsirullanın gənc yaşında əldə etdiyi uğurlar onun gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına dair ümidlər yaradır (AZƏRTAC).