"Bu gün də məğlub olsaydıq, ərizəmi yazıb getməliydim"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2025-in seçmə qrup mərhələsində Lüksemburqu məğlub edib (3:2).
Mediasport.az xəbər verir ki, görüşdən sonra milli komandamızın baş məşqçisi Samir Əliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
44 yaşlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb: "Baxmayaraq ki, Lüksemburq guya autsayderdir, çətin, ağır oyun oldu. Görünən odur ki, rəqib yaxşı komandadır. Oyundan əvvəl onları təhlil etmişdik. Bu komanda Şimali İrlandiyanı səfərdə məğlub etmişdi. Uşaqlar çox gözəl mübarizə apardılar. İlk 20 dəqiqədə futbolçularda həyəcan var idi. Lüksemburq təşəbbüsü ələ almışdı. Buna baxmayaraq biz öz qolumuzu vurduq. 45-ci dəqiqədə buraxdığımız qoldan sonra oyunçuları ikinci hissəyə hazırlamaq bir az çətin oldu. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik".
Gənc çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Əsas millidən U-21-ə gələn oyunçular özlərini necə göstərdi? Sizcə, əsas milli komandada heyətə düşə bilməyənlərin U-21-ə gəlməsi daha yaxşı olmaz?
- Məncə, təkcə əsas millidən gələnlər yox, komandadakı bütün uşaqlar Premyer Liqada oynasar, daha hazırlıqlı olarlar. Əlbəttə fərq görünürdü. Emil Səfərov, Nəriman Axundzadə, Cəlal Hüseynov əsas milliyə buradan gediblər. Oyundan qabaq əlaqə saxladılar və bizə kömək etmək istədiklərini bildirdilər. Gəldilər və ürəklə oynadılar.
Onların çağırılacağı əvvəlcədən nəzərdə tutulmuşdu?
- Bilirdik ki, A milli ayın 16-sı oynayır, biz isə 17-si. Emil Səfərov dünən əvəzetmədən oyuna çıxmışdı. Özünün istəyi var idi. Mənimlə əlaqə saxlayıb dedi ki,kömək etmək istəyirəm. Biz də qarşısını almadıq.
Bütün oyunlarda belə xarakter göstərmək üçün futbolçularda nə çatmır?
- Xarakter bizdə həmişə var. Bir tərəfdən bəxt bizim tərəfimizdə idi, digər tərəfdən də bəxtsizlik var idi. Bu qədər qol epizodlarından istifadə edə bilmədik. Bu da sırf təcrübəsizlikdən irəli gəlirdi.
Qapıda "Sabah"ın qapıçısı Yusif İmanova alternativ yoxdur?
- Azərbaycanda gənc, istedadlı qapıçılar var. Yusif də onlardan biridir. Onun Premyer Liqa təcrübəsi var. Bu gün Yusif oynamasaydı, sual yaranacaqdı ki, niyə oynamır? Rza, Rüstəm, Eldar kimi qapıçılar var. Sadəcə bir nüans var ki, bu uşaqlar Premyer Liqa görmür. Bu gün rəqib sürətli oynayırdı. Bu da səbəbsiz deyil. Komandada olan futbolçuların əksəriyyəti əvəzedicilər liqasında oynayır. Orada 10 komandadan 8-i oyunlarını süni meydançada keçirir. Süni örtükdən təbiiyə keçəndə problemlər yaranır, öyrəşmək asan deyil. Hər dəfə belə çətinliklərlə üzləşirik.
U-21-in baş məşqçisi kimi rəsmi oyunda ilk qələbənizi rəsmiləşdirdiniz. Hisləriniz necədir?
- Xüsusi bir fərq yoxdur. Görünən odur autsayder bizik. Amma buna baxmayaraq biz Şimali İrlandiyanı da udmalı idik. Hələ o matçın şokundan ayılmamışdım. Bu gün də məğlub olsaydıq, artıq ərizəmi yazıb getməliydim. Çıxış yolu tapmalıyıq. Elə şeylər etməliyik ki, bu uşaqlar daim oynasın. Sabah mənim yerimdə kim olsa, bu əziyyətləri çəkəcək. Ayın 9-u toplandıq. İki məşq keçib Şimali İlə oyuna çıxdıq. Artıq aktivimizdə 3 xal var.
Qarşıda İngiltərə və Ukrayna ilə qarşılaşmalar var. Futbolçuların ayaqları əsməyəcək?
- Məncə, əsməyəcək. Çünki yoldaşlıq oyunlarını çalışırdıq ki, güclü rəqiblərlə keçirək. Bilirdik ki, seçmə mərhələdə nəhənglərlə qarşılaşacağıq. Hesab edirəm ki, onlarla oynamaq daha rahat olacaq.
Komanda hazırda 4-cü pillədə qərarlaşıb. Bundan sonrakı məqsədiniz nədir?
- Bizim qarşımıza konkret məqsəd qoyulmayıb. U-21 onun üçündür ki, əsas milliyə oyunçu yetişdirsin. Seçmə mərhələnin sonunda A milliyə daha 2-3 futbolçu versək, bu, nəticə olacaq.
Bu gün penaltini "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin vurması sizin seçiminiz idi?
- Komandada baş məşqçi var, qərarı baş məşqçi və onun köməkçiləri verir. Meydanda daha təcrübəli oyunçular Nəriman və Emildir. Onlar vurmalıdır.
Fərid Yusiflinin ehtiyatda qalması son oyunda baş verən insidentlə bağlı idi?
- Xeyr. Fərid çox ağıllı, tərbiyəli oğlandır. Bu, futboldur. Emil Səfərov gəldi deyə belə qərar verdik.