NAZİR: Böyük futbolda vəziyyət fərqlidir, işi düzgün qurmamışıq"
“Böyük futbolda vəziyyət bir qədər fərqlidir. Yəqin ki, biz burada işi düzgün qurmamışıq”.
MediaSport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan komanda idman növlərində uğur qazana bilər. O, mini-futbol üzrə yığmanın Avropa çempionluğunu buna misal göstərib:
“Düşünürəm ki, istənilən komandada uğur qazanmaq üçün rəhbərlikdən çox şey asılıdır. Bizim idmanda kifayət qədər uğurlarımız var. İstərdik ki, komandalarımız da nəticə əldə etsinlər. Mini-futbol yığmamız Avropa çempionatının qalibi oldu. Bütün oyunçular da azərbaycanlılar idi. Bu bizdə alındı. Digər komanda növlərində də müxtəlif nailiyyətlərimiz var".
Tədbirdə maraqlı epizod yaşanıb. Gənclər və idman naziri Fərid Qayıbov vətəndaş tərəfindən nərd duelinə çağırılıb. İştirakçılardan Vəfadar Babayev moderatora sual ünvanlayıb ki, “feysbukda nazir Fərid Qayıbovu nərd duelinə dəvət etmişdim və mənə cavab müsbət gəlmişdi. Bilmək istərdim ki, duel nə vaxt olacaq?”
Nazir isə cavabında “niyə də olmasın? Bu duel mütləq olacaq, vaxtını və yerini dəqiqləşdirərik”, - deyib.