"Zirə"nin çempionluq uğrunda "Qarabağ"la mübarizə aparması real görünmür" - EKSPERT RƏYİ
"Bu mövsüm çempionat daha maraqlı keçir. Hər tur sürpriz nəticələr olur. İstəyərdik ki, hər tur keyfiyyətli və sürətli oyunun şahidi olaq. Bütün bunlar tur ərzində maksimum bir dəfə olur. Amma ötən illərə baxanda bu il daha baxımlıdır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.
Sabiq futbol funksioneri Premyer Liqanın geridə qalan hissəsini dəyərləndirib.
O, mövsümün sonunda "Qarabağ"ın çempion olacağını qeyd edib:
"Çempionatın əvvəlində "Neftçi"dən böyük gözləntilər vardı. Büdcə artırıldı, dəyişikliklər oldu. Çempionluğa layiq komanda qurulacağı deyilirdi. Amma tam əkisini görürük. Oyun və nəticə baxımından "Neftçi"də işlər yaxşı deyil. Hələ də qeyri-stabil çıxış edirlər. Digər komandalara baxanda fəqli büdcələri var. Belə olmalı deyil. "Sabah" komandası mövsümə yaxşı start vermədi. Son oyunlarda toparlana biliblər. Düşünürəm ki, "Neftçi"dən fərqli, "Sabah" klubu qarşıdakı oyunlarda qələbələrini sıralayacaq və ikinci pilləyə yüksələ biləcək. "Zirə"nin indiyə qədər liderlər sırasında olması klub üçün böyük nəticədir. Bir neçə tur birinciliyi qoruyub saxlamışdı. Bu, özü yüksək nailiyyətdir. Həm büdcə, həm də keyfiyyətli futbolçular baxmından üstün olan "Qarabağ", "Sabah" və "Neftçi" komandalarından yuxarıda idi. İlk pillədə qala bilməmələrini təbii qarşılayıram. Çünki "Qarabağ"ın bəzən xal itkiləri olsa da, qarşısıalınmazdır. "Zirə"nin Ağdam klubu ilə çempionluq uğrunda mübarizə aparması real görünmür. Fikrimcə, mövsümün sonunda yenə çempion "Qarabağ" olacaq".
Qeyd edək ki, Premyer Liqada 15 turdan sonra "Qarabağ" 32 xalla 1-cidir. "Zirə" 28 xalla 2-ci pillədə qərarlaşıb. "Sumqayıt"la "Səbail" 23 xalla 3-4-cü yerləri bölüşdürürlər.