Laurentsiu Regekampf 0:4-lük darmadağın haqda: "Çox utanıram"

Laurentsiu Regekampf 0:4-lük darmadağın haqda: "Çox utanıram"

- Danışılası çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç bir şeyi meydanda həyata keçirmədik. Bu cür matçlarda ürəklə oynamaq, mübarizə aparmaq, qaçmaq, foulu lazım olanda etməlisən. Bunları etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm, azarkeşlərin qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur, çünki, qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin olacaq. 

mediasport.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 16-cı turu çərçivəsində evdə "Qarabağ"a 0:4 hesabı ilə məğlubiyyətdən sonra "Neftçi"nin baş məşqçisi Laurentsiu Regelamf deyib. Rumıniyalı jurnalistlərin suallarına cavab verib.

Bu məğlubiyyət sizi nəyi düşünməyə məcbur edir?

- Çox şey haqda. İlk edəcəyim şey oyuna bir daha baxmaqdır. Oyundan sonra paltardəyişmə otağında danışdıq. Hamı məyusdur. Amma bu, kifayət etmir. Oyun ərzində "Qarabağ"la mübarizə aparmadıq. 

Azər Əliyev bu gün ona doğma olmayan cinahda oynadı, Azər Salahlı isə səhvlərlə yadda qaldı. "Neftçi"nin cinahlardakı problemi nə vaxt həll olunacaq?

- Demişəm ki, mətbuat konfransında oyunçularım haqda danışmayacağam. Həftə ərzində hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin dövrdən sonra qayıdıb. Milli komandanın oyunçusudur. Mənim üçün vacib olan odur ki, onu addım-addım qaytaraq. Çox çətindir. Yerli oyunçular əlimizin altında hazır vəziyyətdə deyildilər. "Qarabağ"la oyunda bu cür təcrübəyə malik futbolçular lazımdır. Ona görə də qərar verdik ki, hər iki cinahda Azərləri oynadaq. 

"Neftçi"yə hücumçu lazımdır - Qodsvey Donyo etimadı doğrultmur. Siz necə düşünürsüz?

- Mən bütün oyunçularımı müdafiə edəcəyəm. Bu, mən tərəfdən düzgün çıxmaz. Oyunçularla tez-tez çatışmayan amillərlə bağlı söhbətimiz olur. Qışda komandaya xeyir verməklə bağlı müzakirələr aparırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda hər şey haqda məlumatınız olacaq. 

Yeni transferlərə “Neftçi”nin necə klub olduğunu, hara gəldiklərini izah etmirsiz?

- Demək olar ki, məndən eyni şeyləri soruşursuz.

Lazım olan cavabları almaq istəyirik...

- Razıyam. Sizinlə komandanın ümumi imici haqda danışa bilərəm. Heç bir oyunçunu işarələməyəcəm. Mənim üçün vacib olan komandadır, futbolçu yox. Doğru deyirsiz, ikinci qoldan sonra futbol oynamadıq. Oyuna ürəyimizi qoymalıyıq. Təcrübəli futbolçularımız var. Onlar vəziyyəti idarə etməlidirlər. Qarşıdakı günlərdə bu mövzu barədə danışacağıq. Oyunlarımız var. “Zirə”yə qarşı kubok matçı çox vacibdir. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməli və sabahdan hazırlaşmalıyıq.

Matçdan sonra azarkeşlər komandanı çağırdı və Emin Mahmudov onların yanına tək getdi. Daha sonra fanatlar komandanı təhqir etdi, Emin isə formasını çıxardı. Belə vəziyyətdə ən vacib oyunçunuz, kapitanınızı bu psixoliji durumdan necə çıxaracaqsız?

- Azarkeşlərin belə oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik. 

Qısa zamanda komandanı "Zirə" ilə matça necə toparlayacaqsız?

- Əminəm ki, futbolçular bu vəziyyətdə qalmayacaqlar. Matçdan sonra onları gördüm, hamısı daxildə əziyyət çəkir. Bu, "soyuq duş"dur. Hər birimiz güzgüdə özümüzə baxıb təhlil etməliyik. Əminliklə deyirəm ki, "Zirə"yə qarşı tamamilə fərqli komanda görəcəksiz.