"Mən kral deyiləm və özümü kral hesab etmirəm" - Rövşən Nəcəf
Mediasport.az AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin Hesabat-Seçki Konfransından sonra jurnalistlərə müsahibəsini təqdim edir:
- Azərbaycan futbolunda nə kimi dəyişikliyə nail olacağıq?
Zaman lazımdır. Gənc futbolçulara şans verilməsi, qarşıya qoyulan hədəflərin dəqiq olması və s. Biz bütün amilləri nəzərə alırıq. Uğurlu komandanı yaratmaq üçün zaman lazımdır.
- Azərbaycan futbolu ilə bağlı yeni bir plan hazırdır? Əsas problem klubların maliyyə problemidir. Dövlət tərəfindən maliyyə dəstəyi nəzərdə tutulub?
Qarşıya qoyulan vəzifələrdən biri bu hədəfləri özündə əks etdirən planın hazırlanmasıdır. Biz artıq dövlətdən vəsaitin ayrılması deyil, özəl sponsorlardan maliyyə dəstəyini gözləməliyik. Daha çox sponsor cəlb olunsa, azarkeş də artacaq. Bu halda da maliyyə dəstəyi daha çox olacaq.
- Milli komandanın baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?
Bununla bağlı ötən ilin dekabrında İşçi Qrup yaradılıb. Bu proses tamamlanmaq üzrədir. Artıq görülən işlərin rəsmiləşməsi qalıb. Bununla bağlı danışıqlar da başa çatıb. Bu məsələ gələcəkdə də müzakirə olunacaq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssislərin bizim strategiyamıza uyğun olub-olmaması ilə bağlı düşünəcəyik. Gələcəkdə bundan sonrakı məşqçi, baxış bucağı, bilik, dəyər və s. kimi amillərə baxılacaq.
- Son illər ərzində AFFA-nın rəhbərliyi mediadan uzaq idi. Bəs sizin media ilə əlaqəli bir fikriniz var? Yəni biz sizi tez-tez görə biləcəyik?
Futbolun inkişafı ona aid olan şəxslərin hər birinə aiddir. Bizim üçün media futbolun ayrılmaz bir parçasıdır. AFFA-nın istədiyi məqsədə nail olması üçün bizə sizin köməyiniz də lazımdır. Buna görə sizinlə danışıqlar, iclaslar və fikir mübadiləsi aparılacaq. Bu baxımdan media ilə AFFA olaraq daha sıx işləyəcəyik. Dediyimiz strategiya üzərində iş aparandan sonra media ilə görüş keçirərik. “Media ilə amma mediasız” adlı problemlər və gözləntilər barədə rahat şəkildə müzakirə edərik. Nəyə görə qapalı qapılar arxasında dedim, ona görə ki, daha rahat müzakirə apara bilək. Təbii ki, peşəkar şəkildə suallarınız olduğu təqdirdə mən və ya həmkarlarım cavablandıracaq.
- Biz milli komanda səviyyəsində ciddi uğur görməmişik. Siz bizim üçün son ümidsiniz. Bəs veteran futbolçulardan necə yararlanacaqsınız?
Əslində bu sualın cavabını əvvəldə də bildirdim. Futbol icmasının hamısının səsini eşidib, bəhrələnəcəyik. Onlarla bağlı da müəyyən fikirlərimiz var. Master klassların keçirilməsi, müəyyən tədbirlərin aparılması barədə də danışacağıq. Futbol müxtəlif elementləri özündə ehtiva edir.
- Ölkə çempionatı başa çatır və “Qəbələ” gələn mövsüm çıxış etməyə də bilər. Bu barədə nə düşünürsüz?
İcraiyyə Komitəsində bütün qərarları hamımız birlikdə verəcəyik. Gələcək müzakirələrimizdən biri də klublarla və çempionatla bağlı olacaq. Bu mövzu təhlil tələb edir. Hər hansı qərarı verərkən Azərbaycanda və dünyada istifadə olunan təcrübədən istifadə edəcəyik.
- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə yönəldir, özləri geri çəkilir. Siz yeni kral kimi bütün işləri özünüz görəcəksiniz, yoxsa vitse-prezidentlərə həvalə edəcəksiniz?
Mən kral deyiləm və hesab etmirəm. Heç vaxt da hesab etməyəcəm. Futbol böyük ailədir. Burada birlikdə çalışmaq lazımdır. Uşaqlıqdan məhəllə futbolu oynayan, daha sonra peşəkar futbol oynamasam da, bu, mənim sevdiyim idman növüdür. Burada mən həm peşəkar, həm də şəxsi sevgimin təcəssümü kimi futbola baxıram. Bu yalnız bir nəfərin işi deyil. Mən fəal olaraq bu işə cəlb olunacam. Mənə həmkarlarımın, medianın və digər futbol ictimaiyyətinin nümayəndələrinin köməyi lazım olacaq.
- Milli komanda udanda da, uduzanda da tənqid olunur. Bu, maraqların futbol üzərində toqquşmasıdır, ya başqa amillər bu fikirlərə təsir edir?
Sualı cavablandırmaq çətindir. Bu bir, iki nəfər tərəfindən olmur. Hansısa məsələni kimsə müzakirə edirsə, bu, o demək deyil ki, bütün hər kəsin fikridir. Azərbaycanı təmsil edən yığmamızın bəzi uğurlarında eyni ilə uğursuzluqlarında yanında olmalıyıq. Öz fikirlərimizi bölüşməliyik, amma unutmamalıyıq ki, onların da ailələri, yaxınları var. Milli komanda bizim şərəf məsələmizdir. Bəzən biz xarici çempionatlarda görürük ki, uduzan komandalar alqışlarla meydanı tərk edir. Bu futboldur. Hər şey olar bilər.
- AFFA-da baş katib postu boşdur. “Neftçi”dən kimisə burada görə bilərik?
Bununla bağlı prosedurlara, nizamnamənin tələblərinə uyğun olaraq qərarlar veriləcək. Qısa müddətdə lazımi məsələlər müzakirə edib təşkilati strukturla bağlı dəyişikliklər ola bilər. Hansısa departamentin tərkibində dəyişikliyin edilməsi normaldır. Elə də ola bilər ki, dəyişiklik etməyək. Mən “Neftçi”də Müşahidə Şurasındakı işimə bu gündən etibarən xitam verirəm. “Neftçi”dən kiminsə AFFA-ya gəlməsi həmin qurumun və şəxsin öz qərarlarından asılıdır. Bu tək “Neftçi”dən yox, digər klublardan da ola bilər.