İngiltərə millisinin sabiq üzvü "Qarabağ"a görə kuryoz yaşadı

İngiltərə millisinin sabiq üzvü "Qarabağ"a görə kuryoz yaşadı

Dünən UEFA Avropa Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində Londonda keçirilmiş "Tottenhem" - "Qarabağ" oyunu 35 dəqiqə gec başlayıb.

Mediasport.az xəbər verir ki, matç Azərbaycan çempionunun Britaniya paytaxtında yaşanan güclü tıxaca düşməsi səbəbindən 23:35-də start götürdü.

Ağdamlılar kimi, qarşılaşmanın şərhçiləri - ötənlərin məşhur futbolçusu Piter Krauç və Qlenn Hoddl da tıxac səbəbindən arenaya gecikiblər.

Məşhur "Daily Mail"in məlumatına görə, matçı "TNTSports1" kanalında şərh etməli olan ekspertlər çıxış yolunu avtomobili yolun kənarında saxlayaraq stadiona piyada gəlməkdə tapıblar.

Güclü tıxaca düşən ikili leysan yağışı altında islansa da, iş başına yetişə bilib.

"Biz məcburən maşının xidmətindən imtina etməli olduq. Piter qaçır, mən isə axsayaraq gedirdim" - deyə Qlen Hoddl açıqlama verib.

Xatırladaq ki, oyun londonluların 3:0 hesablı qələbəsilə yekunlaşıb.