"Bəlkə də nadir ölkələrdən biriyik ki, bütün liqalarda iştirak edən klublara maddi dəstək göstərilir"
Mediasport.az Premyer Liqanın 11-ci turunun "Turan Tovuz" - "Kəpəz" matçından (2:1) sonra jurnalistlərin suallarını cavablandıran AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin müsahibəsini təqdim edir.
Qurum rəsmisi əvvəlcə bölgəyə səfər barədə məlumat verib:
- Səfərimizin bir neçə səbəbi var, öncədən planlaşdırılmışdı. Bilirsiz ki, milli komandamız UEFA Millətlər Liqası oyununu Qəbələ şəhər stadionunda keçirəcək. Oyunun keçirilməsi üçün hazırda stadionda təmir-tikinti işləri aparılır. İrimiqyaslı işlər deyil. Lakin kifayət qədər lazımlı məsələlərdir. Bu, UEFA-nın birbaşa tələbidir.
Görülən işlərlə yerində tanış olmaq çox vacib idi. Çünki vaxtımız elə də çox deyil. Həmçinin qərb derbisi var idi. Milli komandanın baş məşqçisi Fernandu Santuş da oyunu izləmək istəyidiyini bildirmişdi. Buna görə də birlikdə Tovuza gəldik.
Bu gün isə Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş baza ilə tanışlıq planlaşdırılır. Fernandu Santuşu həmin baza ilə tanış edəcəyik. Gələcəkdə orada əsas millinin təlim-məşq toplanışı ola bilər. Gəncədə yeni stadion tikilir. Ehtimal var ki, gələcəkdə milli komandamız Gəncədə oyunlar keçirsin.
Estoniya ilə oyunun İstanbulda keçirilmə ehtimalı da var idi. Bunun alınmamasının səbəbi nədir?
- Açığı, bir neçə ehtimal var idi. Lakin bir nömrəli variant Qəbələ şəhər stadionu idi. Bu müddət ərzində birinci variantın üzərində daha çox iş aparılırdı. Qonaq komandanın da razılığına ehtiyac var idi. Estoniyanın razılığını, UEFA-nın tələblərini öyrəndikdən sonra qərara aldıq ki, oyunu Qəbələdə keçirək.
Rəqib öncədən Qəbələdə oynamaq istəmirdi. Onları yola gətirmək çətin olmadı?
- Xeyr, çətin olmadı. Estonları maraqlandıran müəyyən məqamlar var idi. Lakin danışdıqdan sonra bunları həll etdik. Uzun danışıq olmadı.
2-ci Liqada klublar maliyyə problemi yaşayır. Bəziləri səfər oyununa getmək üçün pul tapa bilmir. Bu liqadakı klublara dövlətin ayırdığı vəsaitin artırılması məsələsi gündəmdə var?
- Bu məsələ əlbəttə ki, bizi də narahat edir. Lakin mövsüm başlamadan öncə bütün klublara məlumat verilir ki, hansı məbləğdə maddi yardım ayrılacaq. Öncədən komandalardan da təminat alınır. Belə halları görmək bizə də xoş deyil. Klublar özləri də əlavə sponsorlar tapmaq üçün iş görməlidir. AFFA bacardığı qədər yardım göstərməyə çalışır. Bəlkə də nadir ölkələrdən biriyik ki, bütün liqalarda iştirak edən klublara maddi dəstək göstərilir. Komandalardan xahiş edirik ki, öncədən maliyyə ilə bağlı işlər aparsınlar. Hazırda 1-2 iki komandaya əlavə yardım etmək elə də məqsədəuyğun hesab edilmir. Çünki bu baş versə, bərabər yanaşma pozulur.
Yeni AFFA rəhbərliyi iş adamlarının futbol sahəsinə cəlb olunması istiqamətində hansı işlər görəcək?
- Futbol İnkişaf Fondu var. Bu qurum AFFA tərəfindən yaradıılıb. Onlarla birlikdə müxtəlif layihələr aparılır. Fond həm Premyer Liqada, həm I Liqada klublara sponsor tampaqla bağlı köməklik göstərib. Elə "Turan Tovuz"u qeyd edə bilərəm. Biz də AFFA olaraq Futbol İnkişaf Fondunun gördüyü işlərə daim qoşuluruq. Ötən il Şəmkirdə iş adamları ilə görüşdə AFFA rəhbərliyi orada iştirak etmişdi. FİF-lə birlikdə bu yöndə işlər görməyə çalşırıq.
"Lerik" ev oyunlarını Lənkəranda keçirir, Şamaxıda bütün liqalarda təmsil olunan bir neçə klub oynayır. Stadionu olmayan klublar niyə liqaya buraxılır? Hər klub nə vaxt təmsil etdiyi rayonda oynayacaq?
- Yaxşı məqama toxundunuz. Hazırda bu məsələ də gündəmdədir. Bunu ən yaxın vaxtda birbaşa aşağı liqalardan başlamaq çətin olar. Amma yaxın gələcəkdə bu qayda yüksək liqada əsas qayda kimi qoyula bilər. Bu gün üçün məsələ ilə bağlı konkretlik yoxdur. Lakin müzakirələr gedir. Ola bilər ki, Premyer Liqadan başlayaraq yavaş-yavaş aşağı liqalara kimi stadion məsələsi tələb kimi qoyulsun. Biz onun tərəfdarıyıq ki, hər komanda təmsil etdiyi rayonda oynasın.
2-ci Liqa klubları bildirir ki, AFFA ödənişləri vaxtında keçirmir. Bu, doğrudur?
- Biz maksimum çalışırıq ki, gecikmə olmasın. Müəyyən hallarda sənədləşmə məsələsinə görə gecikmə olur. Ödəniş edilmədən öncə sənədlərlə tanış oluruq. Bilməliyik ki, əvvəlki ayın ödənişi hansı istiqamətdə xərclənib. Biz əlimindən gələni edirik ki, səbəbsiz gecikmə olmasın.
AFFA rəhbərliyinin futbolçu yetişdirməklə bağlı hansı layihələri var? Akademiyaların inşa edilməsi gözlənilir?
- Layihələr, konkret fikirlər var. Lakin indi bunları açıqlaya bilmərəm. Çünki sözügedən məsələlər bundan öncə də qeyd etdiyimiz kimi yeni yazılan strategiyanın daxilində əksini tapacaq. 2025-2028-ci illər üçün nəzərdə tutulmuş strategiyamızın içində bu məsələ də olacaq.
Bir müddət öncə baş tutmuş "Sabaha saxlamayaq" verilişində bütün müzakirələrin sonu AFFA-nın yeni yazılmaqda olan strategiyasına gəlib çıxırdı. Bu strategiya hazır olana qədər AFFA rəhbərliyinin gördüyü işlərlə bağlı heç nə danışılmayacaq?
- Bir çox məsələlər öncədən kağız üzərində planlanmalıdır ki, ondan sonra iş başlasın. İnfrastruktur layihələrini nəzərdə tuturuqsa, bu da mərhələli və planlı şəkildə olmalıdır. Analiz etmədən hansısa layihəni başlasaq, xaotik yanaşma olar. İş planlı şəkildə qurulanda daha məqsədəuyğun olur.
AFFA İcraiyyə Komitəsinin son iclasında gündəliyə daxil edilən məsələlər tam müzakirə olunmamşdı. Növbəti iclas nə vaxt olacaq?
- Yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulub.
Qadın liqaları nə vaxt başlayacaq? Millimiz Portuqaliyaya məğlub oldu. Onların çempionatında artıq 7-ci turdur, bizdə isə mövsüm hələ başlamayıb... Ümumiyyətlə, çempionat olacaq?
- Bəli, olacaq. İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq.
Bir stadionda bir neçə klub məşq edir və ya oyun keçirir. Bu məsələ nə vaxt həll olunacaq?
- Milli komandanın "Dalğa Arena"da ev oyununu keçirməsi normaldır. Çünki stadion AFFA-nın balansındadır. "Araz-Naxçıvan"a gəldikdə isə, bəli, bölgə klubu ev oyunlarını burada keçirir. Növbəti mövsümdən Premyer Liqa klublarına öz stadionlarında oynamaq tələb kimi qoyula bilər. Düzdür, indi bunu demək çətindir. Tək mənim fikrim yox, İcraiyyə Komitəsinin qərarı olmalıdır. Çünki, bu, turnirin nizamnaməsinə də salınmalıdır. Bu tələb növbəti mövsümdən etibarən tətbiq olunmağa başlasa, daha yaxşı olar.
"Araz-Naxçıvan" sanki bilərəkdən Naxçıvana getmək istəmir. Çünki orada stadion var. Bir neçə dəfə deyiblər ki, təmir işlərinə başlanılacaq. Amma heç bir iş görülmür. Siz necə düşünürsüz?
- Bizə də bildiriblər ki, Naxçıvanda müəyyən işlər aparılır. Bu sualı klub rəhbərliyinə versəz, daha yaxşı olar.