Nazirdən SOCAR rəhbərinə: "Gələn mövsüm fərqli "Neftçi" olacaq" - FOTO
Sosial şəbəkədə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevlə ARDNŞ rəhbəri Rövşən Nəcəf arasında maraqlı yazışma diqqəti çəkib.
Nazir Şuşada keçirilən 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının Şuşa mərhələsinin qalibi olan "Neftçi"nin şəklini paylaşaraq təbrik edib.
Təbrikdə "Neftçi"yə zəfər yaraşır! Şuşaya zəfər yaraşır! Azərbaycana zəfər yaraşır" qeyd olunub.
Buna reaksiya verən Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf öz növbəsində bu paylaşımı "skrin-şot" edərək şəxsi səhifəsinə yerləşdirməklə elm və təhsil nazirinə təbrik üçün təşəkkürünü bildirib. Emin Əmrullayev də paylaşımın şərh bölümünə "Rövşən müəllim, böyük qələbələrimiz hələ irəlidədir! Növbəti mövsüm fərqli "Neftçi" PFK olacaq, deyirlər" fikirlərini yazıb.
İzləyicilər tərəfindən maraqla qarşılanan bu mesajlaşmalara "Neftçi" azarkeşləri biganə qalmayıblar. Klubun azarkeş səhifələri, fanatları şərh vasitəsilə Emin Əmrullayevə, Rövşən Nəcəfə müraciətə edərək, "Neftçi"nin Müşahidə Şurasının iclasını burada yox, yerində edib düzgün qərarlar vermək lazımdır, sözdə yox, əməldə fərqli "Neftçi" olmalıdır. Amma hələ ki, əməldə heçnə yoxdur, fərq yalnız sözlərdədir. Heç olmasa, lazımsızları klubdan göndərin, yəqin ki, buna gücünüz çatar, amma baxıram ki, sizin üçün dəyişən heç nə yoxdur" - mesajı ilə narazılıqlarını bildiriblər.
Qeyd edək ki, Emin Əmrullayev "Neftçi"nin Müşahidə Şurasının üzvüdür.
mediasport.az