"Neftçi" və "Difai" arasında MÜHÜM GÖRÜŞ: Əməkdaşlıq edəcəklər
“Neftçi” və “Difai” klublarının rəhbərliyi arasında görüş keçirilib.
Mediasport.az xəbər verir ki, görüşdə paytaxt təmsilçisinin baş icraçı direktoru Fərrux Mahmudov, mətbuat xidmətinin rəhbəri Emin Əfəndi və "fədailər"in prezidenti Asəf Məlikov iştirak edib.
“Ağ-qaralar”ın bazasında təşkil olunan tədbirdə iki klub arasında əməkdaşlığın gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
A.Məlikov “Difai”nin tarixi və yaradılma məqsədləri, Region Liqasından başlayan və hazırda I Liqada davam edən mübarizənin gedişatı haqda məlumat verib.
O, yaxın illərdə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmağı planlaşdırdıqlarını və təşkilati nöqteyi-nəzərdən “Neftçi”nin təcrübəsindən yararlanmağın mümkünlüyünü qeyd edib.
A.Məlikov göstərilən diqqətə görə F.Mahmudova minnətdarlığını bildirərək deyib ki, “Neftçi”nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında gündəlik məşq keçmələrinə şərait yaradılıb və bu, “fədailər”ə ciddi dəstəkdir.
“Neftçi”nin baş icraçı direktoru da öz növbəsində “Difai”nin fəaliyyəti ilə bağlı məlumatlı olduqlarını, vaxtilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış təşkilatın adını daşıyan klubun futbol sektorunda uğurlar qazanacağına inamını ifadə edib.
F.Mahmudov bazadan istifadə və gənc futbolçu mübadiləsi mövzusunda “Difai” ilə əməkdaşlığa müsbət yanaşdıqlarını söyləyib.