"Milliyə çağırılmamağımda başqa səbəblər var idi, buna əminəm"

"Milliyə çağırılmamağımda başqa səbəblər var idi, buna əminəm"

Albaniyanın "Eqnatia" klubunun hücumçusu Vüsal İsgəndərli Mediasport.az saytına müsahibə verib.


 Artıq "Eqnatia"da əsas heyət üzvüsən, mövsümdə 5 qol vurmusan. İzlədiyimiz və gördüyümüz qədər Albaniyada işlərin yaxşı gedir.

- Bəli, işlərim yaxşıdır. Ard-arda qollar vurmağım mənə motivasiya verir. İnşallah, qolların davamı gələcək. Üzərimdə işləyirəm, daha yaxşı olacağına əminəm. Komandaya tam uyğunlaşmışam. Düzdür, dil baxımından və yayda komanda ilə hazırlıq toplanışı keçməyib birbaşa oyunlara başladığım üçün müəyyən çətinliklərim oldu. Lakin hər şey qaydasındadır. Klubun prezidenti, baş məşqçi və kapitanı da mənə çox dəstək oldu.

Komandan bu mövsüm iddialı çıxış edir, turnir cədvəlində lidersiz. Qarşınıza çempionluq hədəfi qoyulub?

- Bəli, qarşımıza çempion olmaq vəzifəsi qoyulub. Hazırda Albaniyanın ən yaxşı komandasıyıq. Ödənişlər və fərdi baxımdan rəhbərliyin komandaya dəstəyi çoxdur.

"Partizani" ilə oyunda şok yaşadız, komanda yoldaşın Rafael Dvamena matçın gedişində vəfat etdi. Həmin hadisədən sonra necə toparlana bildiz?

- Komandanın lideri Rafaeli itirmək bizə çox ağır gəldi. Onunla futbol oynamaq mənim üçün qürurlu idi. Yaxşı insan və futbolçu idi. Böyük karyerası olub. Hələ də komanda onun şokundadır. Hər qoldan sonra onu xatırlayırıq. Qələbələri onun üçün qazanırıq. İnşallah, çempionluğumuzu ona həsr etmək istəyirik.

Mövsümün sonunda Albaniyada qalmağı düşünürsən, yoxsa Azərbaycana qayıtmaq, yaxud başqa kluba keçmək fikrin var?

- Bilmək olmaz, təkliflər var. Bu məsələ klub və menecerim tərəfimdən dəyərləndirilir. Mən bura azad agent olaraq gəlsəm də, azad agent olaraq gedə bilmərəm. "Eqnatia"nın öz təklifləri, şərtləri var. Madiyyatdan söhbət getmir. Klub hələ ki, məni buraxmaq istəmir. Azərbaycana qayıtmaq fikirim də yoxdur. Bacardığım qədər uzun müddət ölkə xaricində oynamaq istəyirəm.

Canni De Byazinin vaxtında milli komandaya dəvət olunmurdun. Onun gedişini sənin üçün yığmanın qapılarının açılması demək olar?

- De Byazi məni milliyə dəvət etmirdi. Bununla bağlı mətbuat konfransında sual verən olmadı. Əgər maraqlıdırsa, vaxtında ondan soruşulardı. Mənim işim futbol oynamaqdır. Türkiyədə, Azərbaycanda və Albaniyada oynayanda çağırılmadım. Heç kim bunu futbolçunun keyfiyyətinə bağlaya bilməz. Azərbaycanda hamı eyni keyfiyyətdə futbolçudur. Başqa səbəblərin olduğuna əmin idim.

Səncə, milli komandamızı yenidən əcnəbi çalışdırmalıdır, yoxsa yerli mütəxəssis?

- Bu, mənim deyəcəyim bir şey deyil. Daha yaxşısını AFFA və İcraiyyə Komitəsi bilər. Kim gələcəksə, ölkəmiz üçün xeyirlisi olsun.