"Onlara qapımıza yaxınlaşmağa imkan vermədik" - "Neftçi"nin bosniyalı rəqibi
Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun baş məşqçisi Nermin Başiç Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi” ilə Sarayevoda keçirilən görüş haqda fikirlərini bildirib.
MediaSport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis evdə qeydə alınan 2:2 hesablı heç-heçəyə maraqlı formada şərh verib.
Komandasının çıxışını xeyli tərifləyən Başiç "Neftçi"nin o qədər də qol şanslarının olmadığını deyib, "ağ-qaralar"ı daha çox büdcəli, geniş maliyyə imkanları olan komanda kimi qiymətləndirib:
“Bizi sona qədər dəstəkləyən möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Son dəqiqələrdə qol buraxdığımız üçün bir az məyus oldum. Amma oyuna görə uşaqlarla fəxr edirəm. Çox yaxşı çıxış etdik. “Neftçi”nin o qədər də yaxşı şansları olmadı. Onlara qapımıza 20 metrdən yaxına yaxınlaşmağa imkan vermədik. Oyunda sürət var idi. Mən komandamla çox fəxr edirəm. Büdcəsi 10 milyon avrodan çox olan rəqibə qarşı təxminən yüz dəqiqə oynadıq.
Başiç heyətlərində zədəli futbolçuların olmasına diqqət çəkib: "Komandamızda yetərincə gümrah futbolçu yox idi, bundan başqa üç zədəlimiz var. Amma biz bir həftə sonra keçiriləcək növbəti oyunu düşünürük. “Jelezniçar” bu mövsüm avrokuboklarda artıq üç oyun keçirib və məğlub olmayıb. Rəqibimiz çox ciddi olsa da, belə davam etmək üçün motivasiyalıyıq. Fikrimcə, biz macəranın hələ başlanğıcındayıq".
Qeyd edək ki, "Neftçi" - "Jelezniçar" matçı avqustun 3-də Bakıda keçiriləcək.