"Neftçi"nin yeni transferi Bakıdadır, vinger və hücumçu isə yoldadır
Transfer çalışmalarını davam etdirən "Neftçi"nin paraqvaylı Dieqo Qabriel Valdes Samudio ilə anlaşdığını və paraqvaylının dünən Azərbaycana yola düşdüyünü yazmışdıq.
mediasport.az saytına klubdan verilən məlumata görə, 29 yaşlı futbolçu artıq Bakıdadır və sabah onunla 2 illik rəsmi müqavilə bağlanacaq.
Son klubu vətənində "Quayrena" olan yarımmüdafiəçi daha əvvəl ölkəsində "San Lorenso", "Sol de Amerika" və "Quarani", həmçinin "San Luis" (Meksika) klublarında çıxış edib.
"Ağ-qaralar"ın transferləri bununla bitməyəcək. Paytaxt təmsilçisi bu ayın sonuna qədər daha 2 keçidi rəsmiləşdirəcək. Hazırda hər iki futbolçu ilə danışıqlar son mərhələdədir. Onlardan biri vinger, digəri mərkəz hücumçusudur. Öz də kifayət qədər tanınmış futbolçular olduğu üçün "Neftçi" rəhbərliyi bütün detalları diqqətlə danışır. Qısası, suyu üfürə-üfürə içirlər ki, sonrası baha başa gəlməsin.
Bu transferlərin daha tez rəsmiləşəcəyi də istisna edilmir.