Ölümlə təhdid edən futbolçu: “Qaziyəm, əsəblərim yerində deyil”
“Futbolda belə hallar olur. Mənə qarşı da belə hallar olub, dəfələrlə zədələnmişəm. Bunu etmişəmsə, cəzamı da alacam. Niyə israrla bunu qabardırlar? Heç mən millidə oynayanda bu qədər danışmırdılar”.
Mediasport.az xəbər verir ki, bu sözləri "İdmanxeber.az" saytına açıqlamasında Azərbaycan II Liqa təmsilçisi “Qusar”ın futbolçusu Eşqin Tağıyev deyib.
Minifutbol millimizin də üzvü olan Tağıyev barəsində yayılan videoya münasibət bildirib, 2-ci Liqada "Şəki Siti" ilə matçda rəqib futbolçuya qarşı kobudluq etdiyi epizodun görüntülərini paylaşan sosial şəbəkə səhifəsinin adminini təhdid etməsinə aydınlıq gətirib:
“Həmin görüntünü “TikTok”da da paylaşılıb, 100 mindən çox adam baxmışdı. Həmin adminə yazdım, məni başa düşdülər və videonu sildilər. Ancaq feysbukda da paylaşılıb bu video. “Azərbaycan futbolu” səhifəsinin admininə də yazdım, paylaşımı silmədi. Mən də əsəbləşdim, belə cavab verdim. Bilirəm ki, Cavid Hüseynov məsələsini yazmaqla səhv etmişəm.
Amma məni də düzgün anlayın. Mən qaziyəm, əsəblərim yerimdə deyil. Müharibədən sonra məndə travma yaranıb. İnanın ki, illərdir mən gecələri oturaraq yatıram. Belə şeylər mənə pis təsir edir. Özümdən asılı deyil, əsəbimdən partlayıram. Evdə belə mənə kimsə nəsə deyəndə, əsəblə cavab verirəm. Özümü ələ ala bilmirəm. Normal yazmışam ki, videonu silin. Qayıdır ki, “silmərəm”. Mənim də beynim çöndü, o cür yazdım. Sanki bilə-bilə mənə qarşı belə rəftar edirlər. Məni belə yazmağa təhrik etdi. Belə getsə, həmin səhifəni məhkəməyə verəcəm”.
Qeyd edək ki, hazırda 2-ci Liqada "Cəbrayıl"ın baş məşqçisi olan Cavid Hüseynov 2015-ci ildə "Qəbələ" klubunda oynadığı vaxt Avropa Liqasının "Apollon"la (Kipr) səfər görüşündə etdiyi hərəkətə görə mərhum jurnalist Rasim Əliyev tərəfindən tənqid olunmuş, sonra Hüseynovun yaxın qohumlarının fiziki təzyiqlərinə məruz qalmışdı. Nəticədə, döyülmüş həmkarımız bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi.
Qətl hadisəsinə rəvac vermiş Hüseynov və qohumları-tanışları həbs edilmişdilər.