Ötən mövsümü Azərbaycanda keçirən ukraynalı AÇ-nin ilk qolunu vurdu
Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə U-21-lər arasında futbol üzrə Avropa çempionatının final mərhələsi start götürüb.
MediaSport.az xəbər verir ki, qitə birinciliyinin ilk qolu Buxarestin "Superbet Arena" stadionunda qeydə alınıb.
Ukrayna - Xorvatiya matçının 19-cu dəqiqəsində fərqlənən futbolçu ötən mövsümü "Sabah"da keçirmiş Aleksey Kaşukdur. Müqavilə ilə Donetsk "Şaxtyor"una məxsus 23 yaşlı yarımmüdafiəçi hazırda davam edən matçda komandasının 2:0 hesabı ilə irəlidə olmasının əsas səbəbkarlarındadır.
Masazır klubunun Azərbaycan Premyer Liqasında gümüş medalları qazanmasında xidmətləri olmuş Kaşuk ötən mövsüm "Sabah"ın heyətində 31 oyun keçirib, 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Tbilisidəki Mesxi stadionunda keçirilən Belçika - Niderland arasındakı açılış oyununu azərbaycanlı FİFA hakimi Əliyar Ağayev və həmyerliləri idarə edir.