"Qarabağ" Avropanın nəhəng klublarını geridə qoydu - REYTİNQ
“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən açıqlanan klubların Avropa reytinqinin ilk “50-liy”ində yer alıb.
mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi aktivindəki 139 xalla qitənin 49-cu sırasında qərarlaşıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Borussiya” (Dortmund, Almaniya), “Latsio”, “Fiorentina”, “Atalanta (hamısı İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Lester” və “Nyukasl” (hər ikisi İngiltərə) kimi aparıcı Avropa ölkələrinin tanınmış klublarını qabaqlayıb. Türkiyə klublarından yalnız “Fənərbağça” “Qarabağ”ı üstələyə bilib. İstanbullular 161 xalla Avropanın 28-cisidir.
Azərbaycanın reytinqdəki digər təmsilçisi “Neftçi” 66,5 xalla 146-cı yeri tutub. Ümumilikdə 265 klubun olduğu siyahıda “Zirə” 253-cü pillədə (50,25 xal) qərarlaşmaqla kifayətlənib.
Reytinqə İngiltərə klubları liderlik edir. “Liverpul” birinci, “Çelsi” ikinci, “Mançester Siti” 3-cü pillədə qərarlaşıb.