"Qarabağ" kimi komandalardan səfərdə erkən qol buraxırsansa..."
"Qarabağ"a qarşı çox ağır oyunlar keçirdik, əlimizdən gələni etsək də, təcrübə öz sözünü dedi".
Bu sözləri MediaSport.az saytına açıqlamasında "Linkoln" klubunun hücumçusu Kike Qomes deyib.
Cəbəllütariq təmsilçisinin əsas forvardı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Ağdam klubu ilə oyunlarında komandasının sona qədər əzmkarlıqla mübarizə apardığını qeyd edib:
"Komandamla fəxr edirəm, ölkəmizi Çempionlar Liqasında ən yaxşı formada təmsil etməyə çalışdıq. "Qarabağ" illərdi avrokuboklarda stabil çıxış edən güclü klublardan biridir. Öz işimizi görməyə çalışırıq, əlbəttə, daha yaxşı nəticə qazanmaq istəyirdik. Lakin təcrübə və ustalıq səviyyəsi sözünü dedi. Rəqibə uğurlar arzulayıram".
29 yaşlı ispan futbolçu cavab matçında erkən qolun onların planlarını pozduğunu xüsusi qabardıb: "Belə gözləmirdik, ciddi hazırlaşmışdıq və baş məşqçimizin planı var idi. Sadəcə, erkən qol hər şeyi alt-üst etdi. "Qarabağ" kimi komandalardan səfərdə erkən qol buraxırsansa, oyunu çevirmək artıq mümkünsüz olur".
Qeyd edək ki, Cəbəllütariqdə baş tutmuş ilk qarşılaşmada hesabı məhz Kike Qomes açmışdı. Ağdam klubu sonradan 2 qol vuraraq qalib gəlmişdi. Bakıdakı duel isə təmsilçimizin 4:0 hesablı qələbəsilə yekunlaşdı.