"Qarabağ" "Qalatasaray"la bu dəfə Türkiyədə qarşılaşacaq - RƏSMİ
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında daha bir yoldaşlıq matçı keçiriləcək.
Mediasport.az xəbər verir ki, bunu "Qol.az"a açıqlamasında İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov deyib.
Matçın ən yaxın zamanda keçiriləcəyini bildirən klub rəsmisi dəqiq tarixin hələ ki, müəyyənləşmədiyini qeyd edib:
“Qarabağ”la əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Oyun İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma inşallah, bir oyun təşkil olunacaq.
Vaxtı demək bir az çətindir. Çünki dediyim kimi, komandaların oyun sayı çoxdur. Klub rəhbərliyi arasında danışıqlar gedir. Yəqin ki, ən qısa vaxtda matç keçirilər”.
Qeyd edək ki, komandalar 2023-cü il martın 26-da Bakı Olimpiya Stadionunda xeyriyyə matçında üz-üzə gəliblər və İstanbul təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.