Elxan Məmmədovun yüksək vəzifəyə gətiriləcəyi dəqiqləşdi
AFFA-nın sabiq baş katibi və icraçı-vitse prezidenti Elxan Məmmədovun Azərbaycanda yüksək vəzifəyə gələcəyi dəqiqləşib.
Mediasport.az saytına verilən məlumata görə, 2022-ci ildən FİFA-da rəhbər vəzifələrdə çalışan sabiq federasiya rəsmisi gənclər və idman naziri olacaq.
2022-ci ilin aprelində FİFA-da Avropa Milli Assosiasiyaları üzrə direktor, 2024-cü il noyabrın 1-dən isə dünya futbol təşkilatına Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilən funksionerin Azərbaycana qayıdışına "OK" verilib.
O, ilin sonunadək vəzifəsindən çıxarılacaq gənclər və idman naziri Fərid Qayıbovu əvəzləyəcək.
2007-2022-ci illərdə AFFA-da rəhbər vəzifələrdə olmuş Elxan Məmmədov Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor Səlhab Məmmədovun oğludur.
Elxan Məmmədovun qardaşı Emin Məmmədov isə Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub, 2021-ci ildən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Xatırladaq ki, Elxan Məmmədovun Parisə köçdükdən sonra Azərbaycanda vəzifəyə gətiriləcəyini ilk dəfə 2023-cü ilin dekabrında Mediasport.az yazmışdı (https://mediasport.az/elxan-memmedov-azerbaycana-qayidir-yeni-vezife-tutmaq-ucun).